Tayvan və Böyük Britaniya genişləndirilmiş ticarət tərəfdaşlığı haqqında saziş imzalayıblar.
Bu barədə Tayvanın İcra Yuanı (nazirlər kabineti) yanında Ticarət Danışıqları İdarəsi məlumat yayıb.
Saziş videokonfrans rejimində imzalanıb. İdarənin məlumatında qeyd edilib ki, sənəd “Tayvan və Böyük Britaniya arasında uzunmüddətli iqtisadi və ticarət əlaqələri üçün möhkəm zəmin yaradacaq”. Həmçinin vurğulanıb ki, saziş “Avropa ölkələri üçün Tayvanla ticarət əlaqələrini yaxşılaşdırmaq üçün nümunə ola bilər”.
Xatırladaq ki, daha öncə Tayvan administrasiyasının rəhbəri Tsay İnven dəfələrlə adanın Böyük Britaniya ilə ticarət və investisiya sazişləri imzalamaqda maraqlı olduğunu açıqlayıb. 2022-ci ilin noyabrında o, Londonla ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə və gələcəkdə investisiya və ticarət sazişlərinin bağlanacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.