Tayvan administrasiyasının rəhbəri Say İnqven ada ölkənin hakim Demokratik Tərəqqi Partiyasının (DTP) yerli seçkilərdə məğlub olmasından sonra siyasi təşkilatın lideri vəzifəsindən istefa verib.
Say İnqven qərarını şənbə günü axşam seçkilərin nəticələri məlum olduqdan sonra açıqlayıb.
“Mən tam məsuliyyəti öz üzərimə götürməliyəm. Bu nəticələr onu göstərir ki, hələ də dərindən düşünməli olduğumuz çoxlu sahələr var”, – o, tərəfdarları qarşısında çıxış edərkən deyib.
Xatırladaq ki, noyabrın 26-da Tayvan sakinləri şəhər merlərini, yerli orqanların rəhbərlərini, şəhər və digər yaşayış məntəqələrinin məclislərinin deputatlarını, kənd və qəsəbə hökumətlərinin başçılarını, mikrorayonların – Tayvanın 22 inzibati bölməsinin rəhbərlərini seçib. Onların bir sıra ən mühümlərinə, o cümlədən Tayvanın paytaxtı Taypeyin meri postuna müxalifətdə olan Homindan partiyasının namizədləri qalib gəlib.
DTP Tayvanın müstəqilliyinin qatı tərəfdarıdır. Adanın administrasiyası üçün növbəti seçkilər 2024-cü ildə keçiriləcək.