Bu gündən Gürcüstanın paytaxtı Tbilisidə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün yeni sistemin tətbiqinə başlanılıb.
Limitsiz abunə sisteminə əsasən, sərnişinlər avtobus, metro və mikroavtobuslarında birdəfəlik gediş üçün 50 tetri əvəzinə 1 lari ödəyəcəklər.
Yeni sistem kanat yollarından istifadə üçün də nəzərdə tutulub.
Abunə kartları yanvarın 5-dən etibarən satışa çıxarılıb və artıq 6 500-ə yaxını alınıb. Hazırda qüvvədə olan gediş kartlarından isə yalnız birdəfəlik gediş üçün istifadə etmək mümkün olacaq.
Limitsiz abunə kartları müxtəlif müddətli – 90 dəqiqəlik (1 lari), 1 günlük (3 lari), həftəlik (20 lari), aylıq (40 lari), 3 aylıq (100 lari), yarım illik (150 lari) və illik (250 lari) olacaq.
Ödəniş sisteminin dəyişdirilməsi Tbilisi sakinləri arasında narazılıq yaradıb. Tbilisililərin fikrinə görə, yeni tarif sistemi işsizlik və aşağı əməkhaqqı şərtlərində əsassızdır.
Şəhər meriyasından isə tənqidlərə cavab olaraq bildirilib ki, yeni sistemin tətbiqinin məqsədi ictimai nəqliyyatın populyarlığının artırılması və onun əlçatanlığının yüksəldilməsindən ibarətdir. Qeyd olunub ki, ictimai nəqliyyatdan istifadə edənlərin 90 %-i üçün gediş haqqı artmayacaq.
Paytaxtın ictimai nəqliyyatında təqaüdçülər, məktəblilər və sosial təminatsız şəxslər üçün güzəştlər qüvvədə saxlanılacaq.