“TCF Bank Olmayan Kredit Təşkilatı” ASC 2024-cü ildəki xalis mənfəəti 2023-cü illə müqayisədə 31% azalaraq 612 min manatdan 424 min manata düşüb.
Banker.az xəbər verir ki, bu barədə qurumun illik maliyyə hesabatında deyilir.
Mənfəətdəki geriləmənin əsas səbəbi bankın faiz gəlirlərində müşahidə olunan azalmadır. Belə ki, TCF Bank-ın faiz və digər gəlirləri ötən illə müqayisədə 18.6% azalaraq 3.08 milyon manatdan 2.51 milyon manata düşüb. Eyni zamanda faiz xərcləri də azalıb – 1.02 milyon manatdan 898 min manata qədər. Lakin bu azalma bankın xalis faiz gəlirlərini qorumaq üçün yetərli olmayıb. Nəticədə, xalis faiz gəlirləri 21.6% azalaraq 2.05 milyon manatdan 1.61 milyon manata geriləyib.
“TCF BOKT”nin vergidən əvvəlki mənfəəti də ötən illə müqayisədə 32.2% azalaraq 858 min manatdan 582 min manata düşüb. Vergilər çıxıldıqdan sonra dövr üzrə xalis mənfəət 424 min manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 188 min manat azdır.
BOKT-nin bölüşdürülməmiş mənfəətini artıraraq 1.41 milyon manatdan 1.84 milyon manata çatdırıb. Cəmi kapital isə 2.29 milyon manat səviyyəsində formalaşıb. Bu da əvvəlki illə müqayisədə 22.7%-lik artım deməkdir.
BALANS…
“TCF BOKT”nin balans göstəricilərində də daralma müşahidə olunur. 2023-cü ilin sonunda 16.98 milyon manat olan ümumi aktivlər 2024-cü ilin sonunda 15.69 milyon manata enib. Bu, əsasən müştərilərə verilmiş kredit portfelinin azalması ilə bağlıdır – 15.85 milyon manatdan 14.38 milyon manata qədər.
Bununla yanaşı, TCF-nin borclarını da azaldıb. Hesabat dövründə borclar 10.07 milyon manatdan 8.26 milyon manata enib ki, bu da 1.8 milyon manatlıq və ya 18%-lik azalma deməkdir.
Xatırladaq ki,”TCF” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% Tahir Rəhimovdur.