Türk Dövlətləri Təşkilatının (TDT) turizm nazirlərinin iclası Azərbaycanda keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, turizm nazirlərinin yeddinci iclası mayın 24-də Şamaxıda baş tutacaq.
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin ev sahibliyi və TDT-nin Baş katibi Bağdad Amreyevin moderatorluğu ilə keçirilən nazirlərin iclasında TDT-yə üzv və müşahidəçi dövlətlərin turizm üzrə məsul nazirlərinin, habelə yüksək vəzifəli dövlət rəsmiləri, turizm sahəsində məsul ekspertlər və Azərbaycandakı diplomatik nümayəndəliklər iştirak edəcək”, – qeyd olunub.
Bildirilib ki, iclasda təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında uçuş sayının artırılması, İpək Yolu Turizminin potensialının üzə çıxarılması – bilik və təcrübə mübadiləsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, Qış və Qolf turizmi sahəsində əməkdaşlıq, səyahət imkanlarının araşdırılması, Səyahət Agentlikləri Assosiasiyaları ilə Üzv və Müşahidəçi Dövlətlərin digər qurumları arasında əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.
Tərəflər həmçinin “Türk Dünyası Turizm Paytaxtı Əsasnaməsi”ni və “Türk Dövlətləri Təşkilatının Turizm Yol Xəritəsi”ni də nəzərdən keçirərək təsdiq edəcəklər.