Bu gün Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib.
İclasda Azərbaycandan böyük nümayəndə heyəti iştirak edib.
İclas çərçivəsində hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və digər sahələrdə saziş imzalayıb.
İranın iqtisadiyyat naziri Fərhad Dejpəsənd iclası müsbət dəyərləndirib. O ilk olaraq Qarabağ müharibəsində qələbəyə görə Azərbaycanı təbrik edib: “İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, ölkə rəhbərliyi – Ali Rəhbər, Prezident və digər məsul şəxslər həmişə işğal olunmuş ərazilərin azad olması və işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını müdafiə ediblər”.
İranın özəl sektorunun və digər şirkətlərin azad olunmuş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirən F. Dejpəsənd qeyd edib ki, bu gün əldə olunan razılaşmalar Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra baş tutub və bu, iki ölkənin əlaqələrinin inkişafında sıçrayış yaradacaq.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də iclasın gedişatını müsbət dəyərləndirib. O bildirib ki, İran və Azərbaycan arasında əməkdaşlıq predmetləri müxtəlifdir: “Bu haqda İranın iqtisadiyyat naziri ilə danışıqlarımız oldu. Koronavirus pandemiyasına baxmayaraq, sağlamlıq protokollarına uyğun olaraq nümayəndə heyətimiz bu iclasda iştirak edib. Bu, iclasın əhəmiyyətini göstərir. İki ölkə arasında əlaqələr çox inkişaf edib. Ümid edirəm iclasda əldə olunacaq razılıqlar iki ölkə arasında əlaqələrin inkişafına səbəb olacaq”.
Ş. Mustafayev qeyd edib ki, Azərbaycan 30 ildən sonra işğala son qoyub: “Bu qələbə Ali Baş Komandan cənab İlham Əliyevin səyi və xalqımızın vəhdəti, qorxmazlığı, fədakarlığı nəticəsində əldə olunub. Bu qələbədə dost ölkələrin rolu da danılmazdır. İran dövlətinə bizə verdiyi dəstəyə görə təşəkkür edirik. Şəxsən Ali Rəhbərin hərtərəfli dəstəyi, eləcə də İran Prezidentinin, nazirlərin dəstəyini hiss etdik və buna görə minnətdarıq”.
O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər dini və mədəni abidələri dağıdıb, 67 məscidi məhv edib və məscidlərdə mal-qara və donuz saxlayıblar: “Eyni zamanda, işğal dövründə Ermənistanın vurduğu ziyana görə beynəlxalq qurumlara müraciət edəcəyik”.
Ş. Mustafayev işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın İranla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: “Biz elə bir şərait yaradacağıq ki, İran şirkətləri işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında iştirak etsinlər”.