Sabah Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri Birləşmiş Krallığın parçalanmasına start vermək məqsədi daşıyan birgə memorandum imzalamaq üçün bazar ertəsi bir araya gələcəklər.
Bu barədə “Telegraph” məlumat yayıb.
Kardiffdə keçiriləcək və analoqu olmayan sammitdə üç hökumət başçısı müstəqilliklə bağlı referendumların keçirilməsi hüququnu tələb edən birgə memoranduma imza atacaqlar.
Görüş Endi Börnhemin parlament üzvlərinə “aydın konsensus” olduğu təqdirdə Şotlandiyada növbəti referendumun keçirilməsinə icazə verəcəyini bildirməsindən sonra baş tutacaq.
Sammit Donald Trampın vahid İrlandiyanı görməkdən “çox məmnun olacağını” bəyan etməsindən iki gün sonra keçiriləcək. O, şənbə günü Dublinə səfəri zamanı Şimali İrlandiyanın İrlandiya Respublikasına qoşulmasının “möhtəşəm bir şey” olacağını deyib və “Bunun nəyi pis ola bilər?” sualını verib.
ABŞ Prezidenti bu açıqlaması ilə İngiltərədə hakimiyyətin bölgələrə verilməsini gündəliyinin əsas istiqamətinə çevirən Baş nazirə millətçi liderlərin təzyiqi artırdığı bir vaxtda məsələyə müdaxilə edib. Şotlandiya Milli Partiyasının (SNP) lideri və Şotlandiyanın hökumət başçısı Con Svinni bildirib ki, Börnhem “Birləşmiş Krallığın sonuncu Baş naziri” kimi tarixə düşə bilər.
May ayında Uelsdə keçirilən seçkilərdə Leyboristlər Partiyasının ağır məğlubiyyəti nəticəsində ilk dəfə olaraq hər üç muxtar ölkədə hakimiyyətdə müstəqillik tərəfdarı partiyalar təmsil olunur.
Plaid Cymru Partiyası Kardiffdəki Senedd parlamentində ən böyük partiyaya çevrilərək böyük sıçrayış edib və partiyanın lideri Rhun ap Iorvert ölkənin hökumət başçısı vəzifəsini tutub.
Bu arada, Şotlandiya Milli Partiyası da 6 mandat itirməsinə baxmayaraq, Şotlandiya parlamentində – Holyroodda dominant siyasi qüvvə kimi mövqeyini möhkəmləndirib.
Sinn Fein Partiyası 2022-ci ildə Stormont seçkilərində qalib gəlib. Lakin Demokratik Birlik Partiyasının (DUP) hökuməti boykot etməsi səbəbindən Mişel O’Nil yalnız 2024-cü ildə hökumət başçısı vəzifəsinə keçə bilib. Gələn il ölkədə yenidən seçkilər keçirilərkən Sinn Fein Partiyasıının hakimiyyətdə qalacağı gözlənilir.
Üç lider və İrlandiyada müxalifətin lideri Meri Lu Makdonaldla birlikdə Kardiff körfəzinə baxan beşulduzlu “St David’s Hotel”də bir araya gələrək yeni müstəqillik təşəbbüsü çərçivəsində birgə fəaliyyət məsələlərini müzakirə edəcəklər.
Mövcud vəziyyət “davamlı deyil”
Svinni bu gün deyib ki, ilk dəfədir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın rəhbərləri müstəqillik tərəfdarı olan hökumət başçılarıdır: “Bu, mövcud vəziyyətin davamlı olmadığına və Vestminsterin Birləşmiş Krallıqdan sonrakı gələcəyə hazırlaşmalı olduğuna bundan daha aydın işarə ola bilməz. Konstitusiyada ciddi dəyişikliklərin tərəfdarlarının yaratdığı dinamika danılmazdır. Endi Börnhem indi Birləşmiş Krallığın sonuncu baş naziri kimi tarixə düşəcəyi fikri ilə üzləşməlidir. Sabah Kardiffdə adaların müxtəlif yerlərindən olan tərəfdaşlarla daha yaxşı gələcəyi müzakirə etməyi səbirsizliklə gözləyirəm. Bu isə yalnız müstəqilliyin gətirəcəyi yeni başlanğıcla mümkündür.”
Məlumata görə, üç hökumət başçısı sammitdə öz ölkələrinin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyən birgə memorandum imzalayacaqlar. Sənəd ümumilikdə dörd sahəni – iqtisadiyyat, enerji, Avropa və beynəlxalq əməkdaşlıq, həmçinin öz müqəddəratını təyinetmə məsələlərini əhatə edəcək.
Üç partiya öz ölkələrinin Avropa İttifaqında olması barədə razılığa gələcək. Şotlandiya və Uels yeni üzvlər kimi, Şimali İrlandiya isə İrlandiya Respublikasının tərkib hissəsi kimi Aİ-yə daxil olacaq.
Məlumata görə, anlaşma memorandumu həmçinin müstəqilliyə hazırlaşarkən Avropadakı “qonşularla” əlaqələrin gücləndirilməsinə dair öhdəlik də ehtiva edəcək.
Sazişin iqtisadiyyata həsr olunmuş hissəsində Birləşmiş Krallığın iqtisadi modelinin Şotlandiya, Uels və Şimali İrlandiya vətəndaşları üçün məqbul olmadığı vurğulanacaq.







