” Azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar”
Azərbaycanlı iş adamı Telman İsmayılovla müsahibə Türkiyədə, “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovun vasitəçiliyi ilə baş tutdu. Telman İsmayılov bizi qonaqpərvərlilik və səmimiyyətlə qarşıladı. Müsahibə ərzində iş adamı bütün suallarımıza cavab verdi, müsahibədən kənar xeyli informativ və səmimi söhbətimiz oldu.
Beləliklə, iş adamı Telman İsmayılovun “APA-Economics”ə eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik.
– Milyarderləri, iş adamlarını, sahibkarları Telman İsmayılovun biznesinin taleyi maraqlandırır. Sözsüz ki, biznes dairələrini, sadə insanları sizin biznesin hərəkətverici qüvvəsi olan “AST” şirkətlər qrupunun fəaliyyəti maraqlandırır. Hazırda “AST” şirkətlər qrupuna hansı şirkətlər daxildir?
– Bir zamanlar “AST” otel, restoran, icarə, ticarət və digər müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən böyük holdinq idi. Hazırda holdinq mövcud deyil.
– “AST” şirkətlər qrupunun fəaliyyətini dayandırması nə ilə bağlıdır?
– Mən öz biznesimi kreditlər cəlb etməklə yaratmışam. Banklar hər hansı bir əmlakın girova qoyulması əsasında kredit verir və mən əsas aktivlərimi – Moskvada üç böyük binanı – “Praqa” restoranını, “İzmaylovo”da ticarət mərkəzini və “Krasnaya Presnya” adlanan ərazidəki ticarət-ofis mərkəzini girov qoymaq məcburiyyətində qaldım. Artıq bir neçə ildir ki, mənə kredit verən bank bu obyektləri əlimdən almaq istəyir. Buna görə də bütün gücümü bu problemin həll olunması istiqamətinə yönəltməli oluram. Bank yalnız mənim aktivlərimi almaq istəmir, həmçinin kreditin tam məbləğini geri qaytarmağımı tələb edir. Bu səbəbdən sözügedən məsələ həllini tapanadək Rusiyada biznesimi tamamilə dayandırmışam.
– Siz nə üçün krediti ödəyə bilmirsiniz? Krediti geri qaytara bilməməyinizin səbəbi nədir?
– İki sözlə ifadə etsəm, vəziyyət mənim üçün ən xoşagəlməz hal alıb. Şirkətlərim əsas aktivlərimi girov qoymaqla “Bank Moskva”dan kredit alıblar. Mən zamin idim. “Çerkizov” bazarı bağlandıqdan sonra mənim üçün “Bank Moskva”ya krediti qaytarmaq və faizləri ödəmək çətin oldu. Lakin bankla münasibətlər çox konstruktiv olub. Bu banka 50 milyon dollar əsas borc və 70 milyon dollar faiz ödəmişdim. Bank üç binamın onlarda girovda olduğunu bildiyindən mənimlə görüşməyə və kreditin qaytarılması ilə bağlı problemin həllinə hazır idi. Birgə səylə üç binamdan ikisinə alıcı tapmışdıq. Hətta alıcı 15 milyon dollar məbləğində banka avans yerləşdirmişdi. Əgər bu sövdələşmə baş tutsaydı, onda kreditlərin qaytarılması ilə bağlı problem həll olunardı. Amma bu zaman “Bank Moskva”nın özündə problemlər başladı və onun bütün aktivləri “Bank VTB”-yə verildi. Nədənsə “Bank VTB” üç binamı əlimdən almağa üstünlük verdi və kredit borcunu tam həcmdə ödəməyi tələb etdi. Hüquqşünaslarım hesab edirlər ki, “Bank VTB” güc yolu ilə daşınmaz obyektləri zəbt edib və biz hazırda bütün qanuni üsullarla bununla mübarizə aparırıq. Ədalətsizlik ondadır ki, bankın zəbt etdiyi binalar hər ay sabit olaraq 1 milyon dollara yaxın gəlir gətirir. Bank bu sabit gəlir hesabına borcun məbləğini azalda bilərdi. Lakin bank bunun əvəzinə mənim binalarımdan əldə etdiyi gəlirləri hüquqşünaslara pul xərcləməklə mənə qarşı istifadə edir. “Bank VTB”-nin zəbt etdiyi daşınmaz obyektlərindən biri Kremldən 300 kvadratmetr uzaqlıqda yerləşən Moskvada məşhur olan “Praqa” restoranıdır. Bu böyük binanın ümumi sahəsi 10 min kvadratmetrdir. Bu bina daim kiminsə hədəfindən olub. Bir zamanlar “Praqa” restoranına 500 milyon dollar təklif edirdilər. Hətta ərəb ölkələrindən biri orada öz səfirliyini yerləşdirmək istəyirdi.
– Keçmişə nəzər salsaq, siz “Çerkizov” bazarının bağlanmasından və Antalyada “Mardan Palace” otelinin tikintisindən daha çox itirmisiniz, yoxsa qazanmısınız?
– Əlbəttə, həyatımda itirdiklərim və əldə etdiklərim olub. Bu, tam normaldır. Mən xoşbəxt insanam. Çünki böyük və mehriban ailəm, çoxlu yaxşı və sədaqətli dostlarım var. Bu isə çox vacibdir. Biznes? Biznesdə hər şeyə hazır olmalısan. Ağ və qara zolaqlar daim olur. O ki qaldı “Çerkizov” bazarına, bu məsələ ətrafında bir çox uydurmalar danışılıb, yazılıb və göstərilib. Əslində isə heç kim bilmir ki, bu, mənim üçün sırf icarə biznesi idi. Biz keçmiş stadionun yerində böyük sahəni icarəyə götürmüşdük və arzu edən hər bir şəxsə icarəyə verirdik. İcarədarlar arasında əsasən mənim həmyerlilərim, azərbaycanlılar çoxluq təşkil edirdilər. İnsanlar “Çerkizov” bazarında ticarət edərək pul qazana bilirdilər. Bazar bağlandıqdan sonra çoxları işsiz qaldılar. Nədənsə bu barədə heç bir məqalədə, heç bir verilişdə danışmadılar. Fikrimcə, azərbaycanlılar “Çerkizov” bazarında işləmək imkanını itiriblər desəm, yanılmaram. Eyni zamanda azərbaycanlılar Türkiyədə əsrarəngiz “Mardan Palace” otelində çox gözəl dincəlmək imkanı əldə ediblər. Bu oteli mən atamın şərəfinə inşa etdirmişəm və arzumu reallaşdırmışam. Həmişə istəmişəm ki, valideynlərim mənimlə fəxr etsinlər. Bu otel məhz bu məqsədlə inşa edilib. Deyilənlərin və mətbuatın təqdim etdiklərinin əksinə olaraq heç kimə heç nəyi sübut etmək istəmirəm. Əslində “Mardan Palace” arzularımın mücəssəməsidir. Hər bir insanın bir arzusu var, mənə isə onu reallaşdırmaq nəsib oldu. Hazırda “Mardan Palace” mənim olmasa da, amma o mənim arzularımın mücəssəməsi olaraq qalacaq və hamı biləcək ki, bu oteli mən inşa etmişəm. “Mardan Palace” otelinin yerləşdiyi yerlərin bataqlıq olan vaxtlarını xatırlayıram. Layihəçilərimlə birlikdə bataqlıq çəkmələrimi geyinib gələcək otelin ərazisində gəzirdim və bir gün burada otelimin olacağını təsəvvür edirdim. Mətbuatın qərəzinə baxmayaq, indi bu otel mübaliğəsiz Türkiyənin ən gözəl otellərindən biridir.
– Doğrudanmı, Telman İsmayılov müflis olub?
– Hazırda mənim borclarımın restrukturizasiyası prosesi gedir. Borclarımın ödənilməsi üçün bütün mümkün tədbirləri görmək niyyətindəyəm. Yeni səhifə açaraq yeni biznesə başlamağı planlaşdırıram.
– Sizi dünyada ilk müflisləşmiş milyoner kimi təqdim edirlər. Bu təqdimatla razısınızmı?
– Xeyr. Bu proseduru artıq bir çox tanınmış iş adamları keçib. Məsələn, vaxtilə analoji problemlə hazırda ABŞ-ın prezidenti olan Donald Tramp da üzləşib. Lakin o problemləri həll edə və hər şeyə yenidən başlamağı bacara bilib. İtirməsən – tapa bilməzsən.
– Moskvada yeni biznes layihələri həyata keçirməyi planlaşdırırsınızmı?
– Mən Rusiya Federasiyasının vətəndaşıyam. Əlbəttə, Rusiya və Moskvada sabit biznesə sahib olmaq istəyirəm. Çox təəssüf ki, bu, hələlik qeyri-mümkündür. Daha öncə qeyd etdiyim kimi, ilk növbədə “Bank VTB” ilə problemləri həll etmək lazımdır.
– Bəs digər dövlətlərdə yeni işgüzar və biznes layihələri həyata keçirmək niyyətiniz varmı?
– Əlbəttə, mən yeni şirkətlər açmağa, yeni layihələr yaratmağa, bizneslə məşğul olmağa vərdiş etmişəm. Amma bunun üçün ilk növbədə pul lazımdır. İndi bu, mənim üçün mümkün deyil. Əvvəlcə, kreditorlarımla problemləri həll etmək vacibdir. Yeni işə başlamaq üçün köhnələri başa çatdırmaq lazımdır. İndi məhz bununla məşğulam.
– “Çerkizov” bazarının bağlanmasından sonra sizin Qazaxıstan, Ukrayna, Çeçenistan və Dağıstanda uğursuz biznes layihələrinizin olduğu barədə məlumatlar yayıldı. Bu barədə nə deyə bilərsiniz?
– Jurnalistlər tez-tez mənimlə heç bir əlaqəsi olmayan biznes layihələrini də mənim adımla bağlayır. Real olaraq sahib olduğum biznes fəaliyyətinə gəlincə, hazırda “Bank VTB” ilə vəziyyətin tam həllinə qədər işlərimi dayandırmaq məcburiyyətində qalmışam.
– Yeri gəlmişkən, bayaq Donald Trampı xatırladınız. Daşınmaz əmlak maqnatı ABŞ-ın prezidenti seçiləndən sonra biznes dünyasının sayılıb-seçilən simaları onunla tanış olduqlarını bəyan etməkdə sanki bir yarışa çıxmışdılar. Siz Donald Trampla şəxsən tanışsınızmı?
– Amerikada olarkən Tramp məni evinə dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər və bir-birilərinə qonaq gedirlər.
– Rusiya qəzeti “Soverşenno sekretno” Telman İsmayılovun ABŞ kəşfiyyat orqanları ilə əlaqədə olduğunu yazıb, bəzi mətbu orqanları isə sizi “Mossad” agenti adlandırıb…
– Mən sadə biznesmenəm. Yalnız bizneslə məşğul oluram. Heç bir zaman və heç bir siyasi partiyaya və ya təşkilata qoşulmamışam. Buna görə, bu şayiələr tamamilə əsassızdır və bunların mənə heç bir aidiyyatı yoxdur.
– Bildiyiniz kimi, 2015-ci ildə Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskin pisləşməsi müşahidə olundu. İki ölkə arasında münasibətlərə sizin münasibətiniz necədir?
– Çox ümid edirəm ki, bu iki ölkə arasında münasibətlər tam bərpa olunacaq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram. Türkiyənin yüksək vəzifəli məmurları və iş adamları tez-tez qonağım olurlar. Həmişə onlarla Rusiya ilə dostluq münasibətlərinin inkişafının vacibliyindən danışmağa çalışıram.
– Dünya bazarında neftin qiyməti ilə bağlı fərqli proqnozlar səsləndirilir. “Qara qızıl”ın dəyəri ilə bağlı sizin proqnozu bilmək maraqlı olar…
– Güman edirəm ki, neftin qiyməti kifayət qədər çox dəyişkən olacaq və yaya qədər “qara qızıl” ucuzlaşacaq. Fikrimcə, bu, dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.
– Dünya iqtisadiyyatında baş verən qlobal tendensiyaları izləyirsinizmi? ABŞ Federal Ehtiyat Sistemi 2017-ci ildə uçot dərəcəsini üç dəfə artıracağını bəyan edib. Bu dünya valyuta bazarına necə təsir göstərəcək?
– Bəli, dünya iqtisadiyyatı son bir neçə ildə çox güclü sarsıntı keçirib. Əlbəttə, bu ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsir edir. Avropa ölkələrinin defolt borcları, Asiya bazarında güclü titrəyişlər, dünya xəritəsində siyasi dəyişikliklər-bütün bunlar iqtisadiyyatına mənfi təsir edir. Amma əminəm ki, növbəti 10-15 ildə dollar dünyanın əsas hakim valyutası olaraq qalacaq.
– Siz hansı ölkəni əsas vətəniniz hesab edirsiniz? Siz 3 dildə sərbəst danışırsınız, 3 dili isə qənaətbəxş səviyyədə bilirsiniz. Bəs düşünəndə hansı dildə düşünürsünüz?
– Mənim birinci vətənim Azərbaycandır. Burada doğulmuşam, böyümüşəm, xoşbəxt uşaqlığımı burada keçirtmişəm. Mənim Azərbaycanda çoxlu dostlarım və tanışlarım yaşayır, Azərbaycanı çox sevirəm. İndiyədək azərbaycanca düşünürəm. Amma mənim biznesim və həyatımın böyük bir hissəsi birbaşa olaraq Rusiya ilə bağlıdır, Rusiya Federasiyasının vətəndaşıyam. Mətbuat məndə bir neçə ölkənin pasportu olduğunu və dünyanın müxtəlif ölkələrinin vətəndaşı kimi təqdim edir. Rəsmi olaraq bəyan edirəm ki, mən Rusiya vətəndaşıyam və Rusiya pasportuna sahibəm. Mən bu ölkəni sevdim və bununla bağlı həyatımda heç nəyi dəyişmək fikrim yoxdur.
– Dünyada Azərbaycan diasporlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
– Harada yaşamaqlarından asılı olmayaraq, azərbaycanlılar birləşməli və bir-birlərinə dəstək olmalıdırlar. Tam səmimi deyirəm ki, azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar. Azərbaycan prezidenti İlham Əliyevə qarşı çıxan istənilən şəxsi mənə qarşı çıxmış hesab edirəm. Mən tez-tez Azərbaycanda oluram. Azərbaycanın dəyişdiyini və inkişaf etdiyini görürəm. Azərbaycana çoxlu turist axını başlayıb. Hesab edirəm ki, Bakı turizm baxımından gözəl perspektivli şəhəridir. Bura daha çox turistlər gəlməlidir və inanıram ki, belə də olacaq. Bu dəyişikliklər məni özünə cəlb edir. Dayanmaq olmaz və Azərbaycanın indiki lideri bunu anlayır, bunun üçün əlindən gələni edir.
– Vaxtilə siz “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun komandasını dəstəkləyirdiniz. Son iki ildə Azərbaycan telekanalları “Planet parni iz Baku”nu efirə buraxmırlar. Bu teatra qarşı soyuq münasibəti necə dəyərləndirirsiniz?
– Hesab edirəm ki, “Planet parni iz Baku” komandasına belə münasibətin göstərilməsi bağışlanılmazdır. Çox istedadlı olan bu gənclər Azərbaycan mədəniyyətinin təbliği naminə çox şey edib və etməkdə davam edir. Onlar Rusiya telekanallarında yayımlanan “Uralskiye pelmeni” və “Comedy Club” verilişlərinə layiqli rəqib ola bilərlər. Hesab edirəm ki, bu gün mətbuatda Azərbaycan mədəniyyəti kifayət qədər təbliğ olunmur. Halbuki, Azərbaycan xalqının göstərməyə və danışmağa çox şeyi var.
“Yuri Lujkovla hələ də dostuq”
– Rusiya və Azərbaycan milyonerləri ilə münasibətiniz necədir?
– Mən insanlarla milliyyət və maddi imkanından asılı olmayaraq ünsiyyətdə oluram. Mənim üçün əsas insani keyfiyyətlərdir. Ona görə də maddi parametrlərə görə əhatəmi seçmirəm. Sadə insan da, milyoner olan da, yaxşı və pis ola bilər. Azərbaycanlılara gəldikdə, onlar arasında mənim çoxlu dostlarım var və onları heç vaxt kasıb və varlıya bölməmişəm.
– Sizcə, müasir milyoner işgüzar təfəkkürdən və intuisiyadan başqa hansı keyfiyyətlərə malik olmalıdır?
– Təmiz vicdan. Əlbəttə müasir milyoner hər şeyə hazır olmalıdır. Əsas odur ki, o, baş verənlərə düzgün yanaşmalı və heç vaxt təslim olmamalıdır.
– Moskvanın sabiq meri Yuri Lujkov ilə əlaqələrinizi qorumusunuzmu?
– Bəli, biz Yuri Mixayloviçlə dostuq. Onun həyata münasibəti, gələcəyə inamı və optimizmi məni heyran edir.
– Sizin tərəfinizdən təşkil olunmuş tədbirlərdə dünya şöhrətli müğənnilər dəvət olunurdular. Sizin ad günlərinizdə və yeni layihələrinizin açılışında Cennifer Lopez, Şakira, Riki Martin, Robbi Uilyams, Meraya Kerri, Uitni Hyusyon, İosif Kobzon, Filipp Kirkorov, Baskov və başqaları mahnı oxuyub. Bunlarla bağlı az qala əfsanələr gəzirdi. İndi isə, bu haqda az yazılır.
– Mənim yanıma indi də tanınmış artistlər qonaq gəlirlər. Bir çoxları ilə səmimi dostluq münasibətim yaranıb. Məsələn, 2016-cı ilin oktyabrında mənim yubiley gecəmdə bir çox məşhur müğənnilər gəlmişdilər. Özü də tamamilə təmənnasız çıxış etmişdilər. Hər şeydən əvvəl Nikolay Baskovu nəzərdə tuturam. Həmçinin Filip Kirkorov və digər müğənnilər ilə isti münasibətim davam etməkdədir.
– Azərbaycan müğənnilərindən kimlərin ifasını bəyənirsiniz?
– Mən Sara Qədimovanın lent yazılarını dinləməyi sevirəm. Zeynəb Xanlarova və Akif İslamzadənin ifalarını çox bəyənirəm. Gənclərdən isə Eyyub Yaqubovu, Xəyyam Nisanovu, Elton Hüseynəliyev və Abbas Bağırovun ifalarını xoşlayıram.
– Azərbaycan telekanallarına, filmlərə baxırsınız?
– Bəli, sovet illərində çəkilmiş filmlərə baxıram. Onlarla mən keçmişimə, uşaqlıq illərimə, gəncliyimə qayıdıram.
– Siz praktiki olaraq mətbuata müsahibə vermirsiniz. Mətbuat nümayəndələrindən uzaq düşməyinizin səbəbləri nədir?
– Çox eşitmişəm ki, tanınmış insanlar müsahibə zamanı bir şeydən danışır, mətbuat isə onların dediklərini tamamilə təhrif edilmiş şəkildə təqdim edir. Jurnalistlər çox zaman müsahibin söylədiklərini dəyişdirərək, kontekstdən kənara çıxırlar. Mən istəməzdim ki, mənim sözlərimi təhrif etsinlər. Bundan başqa, populyarlıq dalınca qaçmıram. Buna ehtiyacım yoxdur.
– Əvvəlki sualı əbəs yerə vermədim. Siz mətbuatı müsahibəni təhrif etməkdə günahlandırdınız. Bəzi hallarda sizin müsahibəniz və mövqeyiniz olmasa da, haqqınızda ən müxtəlif xəbərlər yayılır. Məsələn, bir çox verilişlərdə sizin adınız məşhur müğənni Avraam Russonun qətlinin sifarişçisi təqdim edilirdi. Bu ittihamlara münasibətinizi bilmək istərdim.
– Mənim buna heç bir aidiyyətim yoxdur. Doğrudan da Russonun karyerasının başlanğıcında ona pulla və əlaqələrimlə köməklik etmişəm. Lakin sonradan o, populyarlığının artması səbəbindən mənim köməyimə ehtiyac duymadı və bizim yollarımız ayrılıb.
– Mətbuat dünya şöhrətli aktrisa Monika Belluçi ilə həyat yoldaşı Vensan Kasselin münasibətlərinin pisləşməsini sizin xanım Belluçiyə simpatiyanızın səbəb olduğu ilə əlaqələndirmişdi. Bu, sizin ailənizdə neçə qarşılandı?
– Mənim adım tez-tez bir çox tanınmış şou-biznes nümayəndələri ilə birlikdə hallanır. Təbii ki, planetin ən gözəl qadınlarından biri ilə romanımın olması barədə yazılar mənə xoşdur. Lakin öz ailəmə yüksək dəyər verirəm və ömrüm boyu bir yerdə yaşadığım həyat yoldaşımı çox sevirəm.
– Ailəniz həyatınızda hansı yeri tutur? Sizin üçün birinci dərəcəli ailədir, yoxsa biznes?
– Ailə bu həyatda mənim üçün ən əsasıdır. Həyat yoldaşım, uşaqlarım və nəvələrim-bunlar üçün biznesimi qurmuşam. Mənim iki gözəl oğlum və artıq dörd nəvəm var. Bir oğlan nəvəm və üç qız nəvəm var. Onların kiçiyi bu gün 3 fevralda doğulub. Oğlum onu həyat yoldaşımın şərəfinə, anasının şərəfinə adlandırmağı qərara alıb. Mən düşünürəm ki, bu faktlardan görmək olar ki, ailəm necə mehriban və möhkəmdir.
– Oğullarınız nə ilə məşğuldurlar?
– Mənim oğullarım ailəli, böyük insanlardır. Onlar həyatlarını özləri qurur. Hər iki oğlum şəxsi biznesi ilə məşğuldur və ailələrini təmin edirlər.
– Sizi həm də xeyriyyəçi kimi də tanıyırlar…
– (sözümü kəsir) Hesab edirəm ki, xeyriyyəçiliyin artıq səs-küyə və bəyan edilməsinə, bir sözlə, reklama ehtiyacı yoxdur. Bu, hər kəsin şəxsi işidir və bu haqda danışmağa ehtiyac yoxdur. Əlbəttə ki, belə bir imkana sahib olanda, konkret insanlara və müəyyən təşkilatlara – teatrlara, kilsələrə, uşaqlara yardım etmişəm. Əgər gələcəkdə Allah mənə yenidən belə bir imkan versə, xeyriyyəçilik edəcəyəm.
– Sizin Türkiyənin “Antalyaspor” futbol klubunun sponsoru olmağınız barədə də xəbərlər yazılıb. Gələcəkdə digər klublara dəstək göstərmək niyyətiniz varmı? Hansı idman növü ilə maraqlanırsınız?
– Bir zaman mənim belə bir imkanım var idi. Bəzi idman təşkilatlarını, məsələn “Antalyaspor” və digərlərini dəstəkləyirdim. İstərdim ki, nə vaxtsa, yəni problemlər həll olunduqdan sonra Moskva və Azərbaycanda yaxşı idman məktəbi yaradım. Gələcəkdə Azərbaycanda yeni futbol məktəbi yaratmağa hazıram. Hesab edirəm ki, öz ölkəmdə gənc idmançılar yetişdirilməlidir və legionerlərin köməyi olmadan keçinmək lazımdır.
Yeri gəlmişkən, futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının uğurlu çıxışını qeyd etmək istəyirəm. Startdakı üç oyundan iki qələbə və heç-heçə məndə iftixar hissi oyatdı.
– Nə vaxtsa memuar yazmaq fikriniz var?
– Artıq üç ildir ki, bir tanışım mənim haqqımda memuarlar yazmağa başlayıb. Onun adını çəkməyəcəyəm. Mən ondan “Nəhayət, xatirələrin yazılması nə zaman bitəcək? soruşanda o deyir ki, “Sənin ətrafında o qədər hadisələr baş verir ki, tarixi yazmağa davam edirəm”. Odur ki, heç bilmirəm mənimlə bağlı memuar işıq üzü görəcək, ya yox. Amma əsas olan qələmin məhsulu olan memuarlarda yox, yaxınlarımın və dostlarımın qəlbində qalmaqdır.