Çinin “Tencent” şirkətinin top-meneceri olan Zhang Feng 2020-ci ilin əvvəllərindən bəri istintaq altındadır.
Banker.az bu barədə “VC.ru”ya istinaən xəbər verir.
O, “WeChat” istifadəçilərinin (“Tencent”ə məxsusdur) şəxsi məlumatlarının Çin xalq təhlükəsizliyi nazirinin keçmiş müavini Sun Lijuna ötürməkdə şübhəli bilinir.
Müstəntiqlər Zhang Fengin hansı məlumatları paylaşdığını və Sun Lijunun bu məlumatlardan necə istifadə etdiyini araşdırırlar.
Qeyd edək ki, Zhang Feng sənədlərdə “Tencent”in vitse-prezidenti kimi xatırlanır. Lakin şirkət onun heç vaxt rəhbər vəzifələrdə olmadığını iddia edir. Bununla yanaşı, “Tencent” işçinin tutulması faktını inkar etmir. Şirkətin mətbuat katibi Zhang Fengin işinin “WeChat” ilə deyil, şəxsi korrupsiya ilə əlaqəli olduğunu qeyd edir.
“LightSTream Research”in analitiki Mio Kato bildirir ki, bu, “Pekinin böyük texnoloji şirkətlər üzərindəki nəzarəti necə sərtləşdirdiyini göstərir”. “Tencent” – Çinin ən bahalı publik şirkətidir. Onun kapitallaşması 900 milyard dolları keçir.
“WeChat” – Çində ən çox populyar olan tətbiqlərdən biridir: o, özündə messencer və ödəmə sisteminin funksiyalarını birləşdirir. “Tencent” 1.2 milyard istifadəçinin məlumatlarını toplayır ki, bu da onu Çin hökuməti üçün nəzarət mexanizminə çevirir.