Azərbaycanın “mavi yanacağı” Bolqarıstan üçün ən rəqabətqabiliyyətli qazdır və əsas təhcizat mənbəyidir.
Bu barədə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, IGB layihəsi – inamsızlıq və resursların olmamasından tutmuş tam reallaşdırılma və sabit istismara qədər mürəkkəb bir yol keçib.
“2015–2026-cı illər ərzində biz nə maliyyələşmənin, nə boru kəmərinin, nə də yekun investisiya qərarının olduğu, eləcə də şirkətdə cəmi iki əməkdaşın çalışdığı bir vəziyyətdən Cənub-Şərqi Avropanın enerji təchizatını təmin edən rəqəmsal və dayanıqlı operatorun formalaşmasına gətirib çıxaran bir yol qət etmişik”, – T.Georgiyeva qeyd edib.
O vurğulayıb ki, başlanğıc mərhələdə layihə maliyyələşdirmə və kreditlərin olmaması, mürəkkəb səhmdar və korporativ idarəetmə strukturu, eləcə də çoxsaylı geosiyasi çağırışlar, maraqlı qrupların təzyiqi, apellyasiyalar, yoxlamalar və onun reallaşdırılmasına mane olmaq kimi cəhdlərlə üzləşib.
“Buna baxmayaraq, boru kəməri çəkildi, normativ-tənzimləyici baza formalaşdırıldı, maliyyələşdirmə təmin edildi. 2022-ci ildə IGB istismara verildi. Bu gün Azərbaycan qazı Bolqarıstana fasiləsiz, məhdudiyyətsiz daxil olur və ən rəqabətqabiliyyətli, eləcə də əsas təhcizat mənbəyidir”, – T.Georgiyeva bildirib.
IGB qaz kəməri Yunanıstanın qaz nəqli sistemini (DESFA) və Komotini bölgəsindəki TAP-ı Stara Zaqora bölgəsində Bolqarıstan qaz nəqli sistemi (“Bulgartransgaz”) ilə birləşdirir. Kəmərin uzunluğu 182 km, borunun diametri isə 813 mm-dir. IGB-nin layihə gücü ildə 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və texniki şərtlərdən asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.






