17 C
Baku
Tuesday, November 4, 2025

“Tesla” Avropada satışların kəskin azalması ilə üzləşib

İlon Maskın rəhbərlik etdiyi “Tesla” Avropada satışların kəskin azalması ilə üzləşib. Bu, şirkətin Avropa bazarında yaşadığı ən ciddi geriləmələrdən biridir, “Bloomberg” yazır.

Ən böyük azalma İsveçdə qeydə alınıb: burada oktyabr ayında cəmi 133 yeni “Tesla” elektromobili qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 89% azdır. Norveç və Niderlandda satışlar təxminən yarıbayarı, İspaniyada isə demək olar ki, üçdə bir qədər azalıb.

Yeganə istisna Fransa olub – burada oktyabr ayında “Tesla” avtomobillərinin qeydiyyatı 2,4% artıb. Lakin “Bloomberg” qeyd edir ki, bu artım bir il əvvəlki 47%-lik azalməni kompensasiya etməyib. Ümumilikdə 2025-ci ilin ilk on ayında Avropada yeni Tesla avtomobillərinin qeydiyyatı təxminən 30% azalıb.

ABŞ bazarında isə vəziyyət tam əksinədir: şirkət üçüncü rübdə rekord satışlar barədə məlumat verib – əsasən, sentyabrda müddəti başa çatan 7500 dollarlıq vergi güzəştlərindən yararlanmaq istəyən alıcıların artan tələbi sayəsində.

Avropada azalma artıq bir neçə rübdür davam edir. Analitiklər bunu model çeşidinin köhnəlməsi, eləcə də bəzi istehlakçıların Maskın siyasi bəyanatlarına və ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlığına mənfi münasibəti ilə izah edirlər.

“Tesla” rəhbərliyi ilin əvvəlindəki zəif nəticələri yenilənmiş “Model Y” versiyasına keçidlə bağlı müvəqqəti çətinliklərlə izah etmişdi. Lakin tədarüklər bərpa olunsa da, bir çox Avropa bazarlarında satışlar hələ də azalmaqda davam edir.

Almaniyada isə vəziyyət fərqlidir: sentyabra qədərki doqquz ay ərzində elektromobillərin ümumi qeydiyyatı 38% artıb, lakin “Tesla” satışları eyni dövrdə iki dəfə azalıb.

Son xəbərlər
Digər xəbərlər