Avtomobil istehsalçısı “Tesla” iki yaşdan beş yaşadək uşaqlar üçün nəzərdə tutulmuş ilk “Balance Bike” balans velosipedini təqdim edib. Bu barədə “Electrek” yazıb.
Model pedal və ötürücü sistemlə təchiz olunmayıb. Uşaq velosipedi ayaqları ilə yerdən təkan verərək hərəkət etdirir. İstehsalçının tövsiyəsinə görə, uşağın ayaq uzunluğu minimum 35 sm olmalı, çəkisi isə 35 kq-dan artıq olmamalıdır.
“Balance Bike” maqnezium ərintisindən hazırlanmış çərçivə, beş mövqedə tənzimlənən oturacaq, həmçinin korpus üzərində Tesla yazısı və şirkətin loqosu ilə təchiz edilib.
Velosipedin qiyməti 225 dollar təşkil edir. “Electrek” qeyd edir ki, “Tesla” məhsulun qiymətinə əhəmiyyətli əlavələr edib. Nəşrin məlumatına görə, ABŞ-də keyfiyyətli balans velosipedlərinin orta qiyməti 50–120 dollar arasında dəyişir.








