İlon Mask “Tesla”nın Çinə sərmayələrini artırmağa davam edəcəyini söyləyib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin qurucusu Çinin Dünya İnternet Konfransında açıqlama verib. Qeyd edək ki, milyarder son ayda ikinci dəfədir Çində inkişaf etmək istədiyini bildirir.
Sahibkar Çini “rəqəmsallaşdırma sahəsində dünya lideri” adlandırıb. İki həftə əvvəl “World New Energy Vehicle Congress” tədbirində Mask Çin avtomobil istehsalçılarının “dünyanın ən rəqabətli şirkətləri” olduğunu söyləyib.
Onun sözlərinə görə, bu ölkə rəqəmsal texnologiyanı avtomobil sənayesi də daxil olmaqla müxtəlif sahələrdə tətbiq etmək üçün böyük resurs xərcləyir. “Tesla Çinə sərmayələrini genişləndirməyə davam edəcək”, – deyə Mask qeyd edib.
“Tesla” KİV-də yayılan mənfi məlumatlardan sonra Çindəki nüfuzunu hər vasitə ilə yaxşılaşdırmağa çalışır. Daha əvvəl bildirildiyi kimi, Pekin bəzi hökumət və hərbi məmurlara “Tesla” avtomobillərindən istifadə etməyi qadağan edib. Bunun səbəbi məxfilik məsələləri olub.
İlon Mask öz çıxışında şirkətin “məlumat idarəçiliyini gücləndirmək üçün Çində çıxarılan bir sıra qanun və qaydaları görməkdən məmnun olduğunu” vurğulayıb.
Xatırladaq ki, 2019-cu ildə “Tesla” Şanxayda böyük zavodun inşasına başlayıb. Avqust ayında “Tesla”nın Çində istehsalı 44 264 avtomobil təşkil edib, onlardan 31 379 ədəd ixrac edilib.