“Tesla” yüzlərlə alıcıdan elektrikli avtomobilin ödənişini səhvən iki dəfə çıxıb. İndi şirkət müştərilərinə pulları geri qaytarmağa çalışır.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Avtomobil nəhəngi müştərilərin icazəsi və ya xəbərdarlığı olmadan bank hesablarından on minlərlə dollar vəsait silib. Məbləğlər 37-71 min dollar arasında dəyişib.
Mütəxəssislər ikiqat ödənişlərin elektron ticarət və bankçılıqda geniş yayılmış bir problem olduğunu qeyd edirlər. Alıcılardan biri sistemdəki səhvi dərhal aşkar etdiyini (onun hesabından əlavə 53 min dollar silinib) və bu barədə məlumat vermək üçün dəfələrlə şirkətə zəng etdiyini bildirib. Lakin “Tesla” ya zəngə cavab verməyib, ya da pulların geri qaytarılması ilə bağlı heç bir məlumat açıqlamayıb. Nəticədə ona banka müraciət etmək tövsiyə edilib. Müştəri hələ də pullarının geri qaytarılmasını gözləyir.
Xatırladaq ki, daha əvvəl “Tesla” müştərilərinə bitkoin ilə ödəniş etməyə icazə verdiyini açıqlamışdır. Avtomobil istehsalçısı rəqəmsal valyutaya qoyduğu investisiyalardan artıq 1.08 milyard dollar qazanıb. Beləliklə, bitkoin “Tesla” üçün avtomobil satışından daha gəlirli sahə olub.






