21 C
Baku
Friday, October 10, 2025

“Tesla” insanabənzər robotların istehsalını dayandırıb

“Tesla” şirkəti “Optimus” robotlarının istehsalını yaranan çətinliklər səbəbindən müvəqqəti dayandırıb. Bu barədə “The Information” nəşri məlumat yayıb.

Mart ayında şirkətin rəhbəri İlon Mask ilin sonuna qədər 5000 ədəd robot istehsal etməyi planlaşdırdığını bildirmişdi. Lakin mənbələrin sözlərinə görə, “Tesla” ilkin planlarını yenidən nəzərdən keçirib. Hətta bəzi məlumatlara əsasən, şirkət cari il ərzində bir dənə də robot istehsal etməyə bilər.

Əsas problem cihazların istehsalı üçün lazım olan manipulyatorların (robot qollarının) çatışmazlığı ilə bağlıdır. Mütəxəssislər qeyd edirlər ki, bu qollar “Tesla”nın humanoid robotları üçün texniki cəhətdən ən çətin detal hesab olunur. Xüsusilə biləkaltı hissə mühəndisləri qane etmir. Bundan əlavə, “Optimus” layihəsi onun yaradıcısı Milan Kovaçın iyun ayında Maskın şirkətindən ayrılmasından sonra ləngiyib.

“The Information” tərəfindən sorğu aparılan mənbələr bildiriblər ki, “Tesla” əməkdaşları texniki çətinliklər və yüksək inkişaf xərcləri səbəbindən insanabənzər robotun yaradılmasının məqsədəuyğunluğu barədə şübhəyə düşüblər. Buna baxmayaraq, istehsal edilmiş bəzi robotlar artıq zavodlarda elektromobil batareyalarının çeşidlənməsi üçün istifadə olunur.

Oktyabrın əvvəlində robototexnika sahəsində tanınmış mütəxəssis Rodni Bruks bildirib ki, humanoid robotlar uğursuzluğa məhkumdur, çünki iki ayaq üzərində hərəkət edən bu tip maşınlar kifayət qədər çevikliyə malik deyillər.

Son xəbərlər
Digər xəbərlər