Ticarət məlumatlarına görə, dekabrın 15-də keçirilən hərracların yekununda “Tesla”nın səhmləri 3,6% bahalaşaraq əsas ticarət sessiyanın bağlanışında 475,3 dollar olub. Bu, 2025-ci ilin əvvəlindən bəri ən yüksək göstəricidir. Gün ərzində maksimum artım 5%-ə çataraq 481,77 dollar olub. Dekabrın 16-da isə premarket ticarətində (Bakı vaxtı ilə saat 14:19-a olan məlumata əsasən) “Tesla” səhmləri 1% ucuzlaşıb.
“Tesla” səhmlərinin bahalaşmasına şirkətin rəhbəri və milyarder İlon Maskın “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşdığı şərh səbəb olub. Sosial şəbəkədə Texas ştatının Ostin şəhərində hərəkət edən “Tesla” robotaksisinin tam avtonom rejimdə, sürücü-operator olmadan yol aldığı video yayılıb. Mask paylaşımlardan birinə yazdığı şərhdə “Avtomobildə heç kimin olmadığı şəraitdə sınaqlar aparırıq” deyə bildirib.
“Tesla” 2025-ci ilin iyununda Ostində robotaksi xidmətini işə salıb. Avtomatlaşdırılmış idarəetmə sistemləri (Automated Driving System, ADS) hələ geniş ictimaiyyət üçün əlçatan deyil və hazırda avtomobillərdə səfərlərin təhlükəsizliyinə nəzarət edən əməkdaşlar mövcuddur. Tam avtonom taksi xidmətinin nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb və CNBC-nin qeyd etdiyinə görə, “Tesla”nın bu məqsədə çatması üçün hələ uzun yol qət etməsi lazımdır.
Oktyabr ayına olan məlumata görə, Ostində “Tesla”nn robotaksi parkında 30-dan az avtomobil olub. İlon Mask bildirmişdi ki, 2025-ci ilin sonuna qədər bu sayın 60-a çatdırılması planlaşdırılır. Oktyabrın ortalarına qədər “Tesla” Ostində robotaksilərin iştirakı ilə yeddi yol-nəqliyyat hadisəsi baş verdiyini açıqlayıb. Yalnız bir halda xəsarət alan olub və hospitalizasiya tələb olunmayıb. Hesabatlara görə, qəzalardan birində robotaksi geriyə hərəkət edən avtomobillə toqquşub, digərində velosipedçi ilə, daha bir halda isə adı açıqlanmayan heyvanla toqquşma qeydə alınıb.
CNBC-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən “Tesla” səhmləri ümumilikdə 18% bahalaşıb. Aprel ayında isə səhmlər illik minimuma enərək 214,25 dollar səviyyəsinə düşmüşdü; həmin səviyyə ilə müqayisədə kotirovkalar təxminən 120% artıb.
İlon Mask “Forbes Real-Time Billionaires” qlobal reytinqinə görə dünyanın ən varlı insanıdır. Dekabrın 16-na olan məlumata əsasən, onun sərvəti 508 milyard dollar (+1,85%) olaraq qiymətləndirilir. “Forbes USA”nın hesablamalarına görə, Maskın özəl şirkət olan “SpaceX”dəki payı nəzərə alındıqda, aktivləri 600 milyard dollardan artıqdır.








