14 C
Baku
Wednesday, November 5, 2025

“Tesla”nın ən iri səhmdarlarından biri Maska $1 trilyon bonusun verilməsinə qarşı çıxıb

Norveçin suveren fondu “Norges Bank Investment Management” (NBIM) bəyan edib ki, İlon Maskın 1 trilyon dollarlıq bonus almasını nəzərdə tutan plana qarşı çıxır. Qeyd edək ki, bu fond elektrik avtomobilləri istehsalçısı “Tesla” şirkətinin ilk on ən böyük səhmdarından biridir.

Hazırda “Tesla” səhmdarları direktorlar şurasının təklifini müzakirə edirlər. Plana əsasən, İlon Mask növbəti on il ərzində 1 trilyon dollar məbləğində mükafat alacaq. Lakin bu bonus yalnız müəyyən göstəricilərə nail olunduğu halda ödəniləcək: 20 milyon elektrik avtomobilinin istehsalı və satışı, 1 milyon pilotsuz taksinin kommersiya istifadəsinə buraxılması, şirkətin bazar kapitallaşmasının 8,5 trilyon dollara çatması, həmçinin 1 milyon humanoid robot “Optimus”un istehsalı.

Oktyabrın sonunda məlum olub ki, səhmdarlar bu planı təsdiqləməsələr, İlon Mask “Tesla”dan gedə bilər.

1,9 trilyon dollarlıq aktivləri idarə edən və dünyanın ən iri suveren fondu sayılan “Norges Bank Investment Management” bildirib ki, bu təklif olunan ödəniş planı həddindən artıq böyükdür.

Bu, səsvermə ərəfəsində öz mövqeyini açıq şəkildə bildirən ilk böyük institusional investor olub, “Wall Street Journal” yazır.

Mütəxəssislər qeyd edirlər ki, indi hər şey digər səhmdarların qərarından asılıdır. Səsvermə 6 noyabr tarixində keçiriləcək, lakin bəzi səhmdarlar öz mövqelərini bundan əvvəl də açıqlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər