ABŞ-nin “Tesla” şirkətinin elektromobil bazarındakı payı 2025-ci ilin avqustunda 38%-ə düşüb ki, bu da 2017-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir. Həmin vaxt şirkət ilk dəfə olaraq Model 3 avtomobilinin kütləvi istehsalına başlamışdı.
Mütəxəssislər qeyd edirlər ki, azalma rəqabətin artması ilə bağlıdır. Belə ki, avtomobil istehsalçıları alıcıları cəlb etmək üçün yeni model elektromobillər təqdim edirlər. “Tesla” isə diqqətini robotaksi və insana bənzər robot layihələrinə yönəldib, daha əlçatan elektromobillərin istehsalı ya təxirə salınıb, ya da ləğv olunub.
Analitiklərin fikrincə, “Tesla”nın bazar payının azalması rəqiblərin təhdidini və şirkətin mövcud model çeşidinin məhdudluğunu əks etdirir. Şirkətin əsas gəlir mənbəyi hələ də avtomobil biznesidir, lakin son model olan Cybertruck, Model 3 və Model Y qədər uğur qazana bilməyib.
Analitiklər gözləyirlər ki, ABŞ-də elektromobil satışlarının artımı sentyabra qədər davam edəcək, lakin sonra federal vergi güzəştlərinin başa çatması fonunda azalacaq. Bu isə “Tesla” və digər avtomobil istehsalçıları üzərində maliyyə təzyiqini gücləndirəcək.