“Preneh24” adlı “Twitter” istifadəçisi iddia edir ki, o, 24 yanvar 2023-cü il tarixində aldığı “Tesla Model Y” avtomobilinin dörd gün sonra sıradan çıxması problemi ilə üzləşib. Avtomobil sahibi qeyd edir ki, magistral yolda hərəkətdə olarkən sükan sütunundan ayrılıb. Xoşbəxtlikdən onun arxasında maşın olmayıb və o, magistral yolun ayrıcında avtomobili dayandıra bilib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sözlərinə dəstək olaraq istifadəçi avtomobilin şəkillərini təqdim edib. Evakuator çağırılıb və elektromobil servis mərkəzinə çatdırılıb, sükan yerinə oturdulub. Lakin avtomobil sahibinin problemləri bununla bitməyib. “Tesla”nın nümayəndəsi avtomobil sahibi ilə əlaqə saxlayıb və hadisənin səbəblərini araşdıracağını bildirib. Eyni zamanda, avtomobil sahibinə 103.96 dollarlıq hesab təqdim edib.
Qəzəbli sürücü İlon Maska müraciət edərək, nasazlığın səbəbi kimi istehsal qüsurunun olmasını, maşını və pulunu geri qaytarmaq istədiyini deyib. O, “Tesla”ya inamını itirdiyini və avtomobilini sürməyə davam etməkdən qorxduğunu da əlavə edib.
Bundan əlavə, avtomobilin sahibi “Tesla” xidmət mərkəzi ilə yazışmanın ekran görüntülərini sosial şəbəkədə yayıb. İstehsalçı avtomobili geri götürə və pulu ona qaytara bilmədiyini bildirib. Məsələ ilə bağlı araşdırma davam edir.
Qeyd etmək vacibdir ki, sükanın heç bir səbəb olmadan sütundan ayrılması qeyri-real görünür. Satıcının istehsal qüsurunu tanımaması, təmir pulunu alması və hadisəni araşdırmağa başlaması isə alıcının dürüstlüyünə şübhələr olduğuna işarə edir.