Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən 110 mln. 815 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, bununla da “Texnikabank”ın sənədləri qaydasında olan əmanətçilərindən 90,4%-nə kompensasiya ödənilib.
Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.
“Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.
Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
APA-Economics