Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ilk dəfə “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev sərbəst ifadə verib. O deyib ki, 2012-ci il martın 6-da MTN-in əməliyyat qrupu tərəfindən saxlanılıb. Həmin gün barəsində cinayət işi başlanılaraq həbs edilib: “Dedilər ki, guya həbsim Prezidentlə razılaşdırılıb. Məndən 300 milyon manat tələb edirdilər. Deyirdilər, bankdakı pulları bizə ver. İzah etdim ki, bankın hesabındakı pullar müştərilərindir, mənim yox. İş yerimdə aparılan axtarış zamanı həyat yoldaşımın adına olan 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, bu gün dovşan kimi gizlənən Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən, həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatmalıdır. MTN-in nümayəndəsini göndərib bankı ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını istədikləri hesablara köçürdülər. Bankı talan edib müflis duruma saldılar. Sonra öyrəndim ki, oğlum Kəraməti də hər gün MTN-ə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar.
Həmin günlərdə Mövlam Şıxəliyev məni qəbul etdi. Beşmərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyimi bildirdi. Növbəti gün Təhsin Ağayev məni xidməti otağına apardı. Oğlum da otaqda idi. Çox gərgin görünürdü. Başqa yolum qalmadı, evi verməyə razılaşdım. Vüsalla Təhsinin gözləri parıldadı, sevindiklərini gizlətmirdilər. Təzyiqlərdən sonra Vüsal Ələkbərov 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanovu təcrixdxanaya çağırdı. Evin satılmasına etiraz etmədiyim barədə imza etdim. Sonradan öyrəndim ki, evi 3 milyon manata satıblar. Məni də noyabrın 16-da azadlığa buraxdılar”.
Etibar Əliyev azad ediləndən sonra öyrənib ki, evini Eldar Ələkbərov adlı şəxsə satıblar. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyev, 2014-cü ildə isə Nazilə Rüstəmova adlı şəxsin adına keçirilib: “Mən onların heç birini tanımamışam. MTN ləğv ediləndən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edib 2016-cı ildə alqı-satqı müqaviləsinin ləğvinə nail oldum. Cavabdehlər apellyasiya şikayəti verib qərarı dəyişdilər. Ali Məhkəməyə müraciət edəndə əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət etdi ki, obyekt Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satılıb. Buna görə də iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə görüşdürdü. Söhbətdən sonra razılıq verdim və Ali Məhkəmə onların xeyrinə qərar çıxardı.
Bundan başqa, Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayev barəmdəki cinayət işi üzrə bir qrup şəxsin mənimlə əlbir olduğunu iddia edərək pullarını alıblar. Banka pul qoyan adamlardan Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Namil Rzayevdən 500 min, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıblar. Mövlam, Təhsin və Vüsal birlikdə “Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıb”.
Etibar Əliyev sərbəst ifadəsini yekunlaşdırandan sonra zərərçəkən Zaur Əliyev sual verib ki, “sizə kim dedi ki, həbsiniz dövlət başçısı ilə razılaşdırıb?”. E.Əliyev cavabında “Mənə bu haqda Mövlam Şıxəliyev demişdi. Sonradan Eldar Mahmudov da mənimlə görüşəndə onun dediyini təsdiq etdi” deyib.
Daha sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev sərbəst ifadə verib. O, atasının həbsindən sonra istintaqa çağırıldığını və hədələndiyini deyib: “Vüsal Ələkbərov dedi ki, “üzünə adam qoyub səni tutduracağam”. Vüsal və Təhsin mütəmadi olaraq məni çağırıb şifahi dindirir, hədələyirdilər. Tutulmamağım üçün 3 milyon manat tələb edirdilər. Deyirdilər ki, bu, Mövlam Şixəliyevin tələbidir və bu məsələnin atamın məsələsinə aidiyyəti yoxdur. Həmin günlərdə Vüsal Ələkbərov atamla danışmağıma şərait yaratdı. Atam dedi ki, öz işini həll elə. O, mənə görə narahat idi. Mən də məcbur MTN-çilərlə razılaşdım. Atamın dostu, türk iş adamı Əhməddən 500 min avro borc alıb MTN-in arxa qapısına getdim. Poliklinika tərəfdə Vüsal Ələkbərova verdim”.
Həmin söhbət zamanı Vüsal Ələkbərov Mövlam Şixəliyevin 500 min avroya razı olmayacağını, 3 milyon manat istədiyini deyib. O, Kəramət Əliyevə əmlaklarını satıb pul düzəltməyi təklif edib: “Vüsala dedim ki, əmlaklarımın üzərinə həbs qoyulub. O, beşmərtəbəli binamızın üzərindəki həbsi götüzdürəcəyini, beləliklə obyekti sata biləcəyimi dedi. Daha sonra atamdan zəng gəldi: “Vüsalın dediyi məsələni Allah xətrinə həll edin, mən sizdən narahatam”. Başa düşdüm ki, atam əmlakın satılmasına və pulun MTN-ə verilməsinə razılaşıb. Vüsal Ələkbərovla Nərimanovda əmlak qeydiyyat idarəsinə getdik. O, idarə rəisinin yanına girib yarım saata əmlakın üzərindən həbsi götüzdürdü. Sentyabrın 10-da notariusu MTN-ə aparıb orada atamdan razılıq ərizəsi aldılar. Səhəri gün obyekti Eldar adlı şəxsə satdıq. Bank hesabımıza 3 milyon manat köçürüldü, pulu çıxarıb Vüsala verdim. Obyekti alan Eldar dedikləri şəxs sadəcə fiqur idi. Çünki sonradan obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamı olan Sahibə satmışdılar. Obyektin əsl yiyəsinin İlham olduğunu, Ali Məhkəmənin onun xeyrinə qərar çıxaracağını bildiyi üçün də atam iddiadan əl çəkdi”.
Məhkəmə mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.