10 C
Baku
Monday, November 18, 2024

Texnologiyalar parkının rezidentində çalışanların vergi öhdəlikləri necə hesablanır?

Şirkət texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi üzrə şəhadətnamə alıb və başqa fəaliyyətlə də məşğuldur. Nəzərə alsaq ki, şirkətin başqa fəaliyyət üzrə gəliri də formalaşır, bu halda işçilərlə bağlı muzdlu gəlir və sosial ödənişlər necə hesablanmalıdır? Məsələn, şirkətin maliyyə, insan resursları departamentinin əməkdaşlarına güzəşt hansı şəkildə tətbiq olunmalıdır?

Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 101.7-ci maddəsinin müddəalarına əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində isə aylıq gəlirin 5 faizi həcmində hesablanaraq ödənilir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna edilməklə) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.

Qeyd olunanlara əsasən, texnologiyalar parkının rezidenti statusu hüququ əldə etmiş sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə bu fəaliyyətin məqsədləri üçün çalışan bütün muzdlu işçilərinə ödənilən əmək haqlarından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları güzəştli dərəcələrlə hesablanıb ödənilir. Bununla yanaşı, şirkətin sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətindən kənar digər fəaliyyətləri üzrə işləyən fiziki şəxslərin, o cümlədən maliyyə və insan resursları üzrə çalışan işçilərin muzdlu işdən əldə olunan aylıq gəlirlərindən gəlir vergisi və sosial sığorta haqları Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanunla müəyyən edilmiş ümumi qaydada hesablanıb ödənilir.

Əsas: Vergi Məcəlləsinin 101.7-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi

Son xəbərlər
Digər xəbərlər