1916-cı ildə qəzetlərdə dünyanın ilk milyarderi açıqlanmışdı – o dövrdə bu, ağılasığmaz səslənirdi. Bir əsrdən çox vaxt keçsə də, trilyonçuluq həddinə kimin birinci çatacağı sualı hələ də qalmaqdadır. “Informa Connect Academy” kimin tezliklə bu statusa çatacağını proqnozlaşdırıb, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
“Tesla”nın baş direktoru İlon Mask dünyanın ilk trilyonçusu ola bilər. O, hal-hazırda 251 milyard dollar sərvəti ilə dünyanın ən zəngin adamıdır. Milyarderin 2027-ci ildə trilyonçu olacağı proqnozlaşdırılır.
“Adani Group” konqlomeratının qurucusu Qautam Adani bu statusa çatan ikinci insan ola bilər. Hesabatda qeyd olunur ki, əgər o, son illik artım tempini saxlaya bilsə, 2028-ci ildə trilyonçu olacaq.
“Nvidia”nın baş direktoru Jensen Huangın sərvəti beş il ərzində 3 milyard dollardan 90 milyard dollara yüksəlib. Hesabata görə, əgər o, 112% artım tempi ilə davam edərsə, 2028-ci ilə qədər trilyonçu statusunu qazanacaq.
Tezliklə trilyonçu olmaq ehtimalı yüksək olan 10 nəfərin tam siyahısı aşağıdakı kimidir:
- İlon Mask (2027)
- Quatam Adani (2028)
- Jensen Huang (2028)
- Prajogo Pangestu (2028)
- Bernar Arno (2030)
- Mark Zukerberg (2030)
- Fil Nayt (2030)
- Mukeş Ambani (2033)
- Maykl Dell (2033)
- Stiv Balmer (2034)
“Knight Frank” konsaltinq şirkətinə görə, Hindistan növbəti bir neçə il ərzində qlobal miqyasda yüksək xalis sərvətli şəxslərin sayında ən sürətli artımı görəcək. Bu ilin əvvəlində Hindistanın maliyyə mərkəzi olan Mumbay şəhəri Pekini keçərək Asiyada milyarderlərin ən çox olduğu məkana çevrilib. Qlobal miqyasda şəhər Nyu-York və Londondan sonra milyarderlərin sayına görə üçüncüdür.