Süni intellektə yatırımlar yarımkeçiricilərə tələbi kəskin artırsa da, investorlar bu artımın davamlılığına şübhə ilə yanaşırlar. Aparıcı çip şirkətlərinin səhmlərini izləyən indeks oktyabrın 6-dan bəri 10%-dən çox geriləyib.
Banker.az Britaniyanın “The Economist” jurnalına istinadən xəbər verir ki, indiki yüksəliş dövründə istehsal az sayda şirkətin əlində cəmləşib. 2000-ci illərin əvvəlində ən qabaqcıl prosessorları təxminən 25 şirkət istehsal edə bilirdisə, indi bunu dörd şirkət bacarır. Yüksək səviyyəli çiplərin böyük hissəsini Tayvanın “TSMC” şirkəti istehsal edir. Yaddaş çipləri bazarında isə “Samsung”, “SK Hynix” və “Micron” üstünlük təşkil edir.
Məhdud istehsal imkanları alıcıları tədarükü illər əvvəldən müqavilələrlə təmin etməyə sövq edir. ABŞ-ın çip dizayneri “Nvidia” 2029-cu ilin yanvarınadək çip və komponent tədarükü üçün 250 milyard dollardan çox öhdəlik götürüb. Yaddaş çipi istehsalçısı “Micron”un açıqladığı müqavilələr isə 2030-cu ilədək gəlirlərinin 35%-ni əhatə edir. Bu müqavilələrin bir hissəsində alıcı razılaşdırılmış həcmi götürməsə də, ödəniş etməlidir.
“The Economist”in təhlilinə görə, süni intellektə xərclər dayanarsa, çip qiymətləri və istehsalçıların mənfəəti azala bilər. Uzunmüddətli alış öhdəlikləri səbəbindən mümkün enişin maliyyə yükünün bir hissəsi texnologiya şirkətlərinin də üzərinə düşəcək.








