Kanadanın Baş naziri Mark Karni ABŞ-la münasibətlərdə artan təzyiqə ticarət tərəfdaşlarını genişləndirməklə, Avropa ilə əlaqələri gücləndirməklə və ölkənin müdafiə imkanlarını artırmaqla cavab verir.
Banker.az Britaniyanın “The Economist” jurnalının redaksiya məqaləsinə istinadən xəbər verir ki, nəşr Kanadanın addımlarını böyük dövlətlərin təzyiqi ilə üzləşən orta güclü ölkələr üçün nümunə hesab edir.
Məqalədə vurğulanır ki, xarici siyasətdə daha sərbəst hərəkət etmək üçün ölkənin iqtisadi və müdafiə imkanlarını da gücləndirmək lazımdır.
Karni hökuməti əyalətlərarası ticarətə federal maneələri aradan qaldırdığını, vergiləri azaltdığını və dövlət xərclərini məhdudlaşdırmaq üçün addımlar atdığını bildirir. Kanada, həmçinin Avropa İttifaqının müdafiə satınalmaları təşəbbüsünə qoşulub və müdafiə xərclərini artırıb. Hökumət bu tədbirlərlə həm daxili iqtisadiyyatı gücləndirməyi, həm də ABŞ-dan asılılığı azaltmağı hədəfləyir.
“The Economist” yazır ki, Karni hökumətinin islahatları fonunda baş nazirin ictimai dəstək göstəricisi 70%-ə yaxınlaşıb. Nəşrin fikrincə, ticarətin şaxələndirilməsi və digər ölkələrlə əməkdaşlıq orta güclü dövlətlərin maraqlarını qorumasına kömək edə bilər.







