2019-cu ildə bitki əsaslı ət istehsalçısı “Beyond Meat” təxminən 4 mlrd. dollar dəyərlə birjaya çıxdı. 2020-ci ildə ABŞ-da bu məhsulların satışı 45% artaraq 1.4 mlrd. dollara çatdı və bir çox startap bazara daxil oldu. Banker.az xəbər verir ki, bu barədə “The Economist” yazır.
Jurnal yazır ki, hətta ənənəvi ət şirkətləri də bu sahəyə investisiya etdi. Lakin son illərdə vəziyyət dəyişib: satışlar azalıb, “Beyond”un dəyəri 400 mln. dollardan aşağı düşüb və gəlirləri illik müqayisədə azalıb.
Yazıda əsas problemlərdən biri kimi qiymət göstərilib. Bildirilir ki, ət subsidiyalar və miqyas üstünlüyü sayəsində alternativ məhsullardan ucuz qalır. Məsələn, “Walmart”da bir funt dana qiyməsi 7.43 dollar, “Impossible Foods”un analoqu isə 9.04 dollardır. Digər problem dad və istehlakçı təcrübəsidir — bəzi məhsullar hələ də kifayət qədər keyfiyyətli hesab edilmir və bir uğursuz təcrübə istehlakçını uzaqlaşdıra bilir.
Məhsulların ultra-emal olunmuş qida kimi təsnif edilməsi də reputasiyaya təsir edir. Sağlam qida anlayışı gücləndikcə bəzi istehlakçılar bitki əsaslı burgerləri yüksək emal olunmuş məhsullarla eyniləşdirir. Şirkətlər isə məhsullarında protein və lif göstəricilərini vurğulayaraq və yeni tərəfdaşlıqlar quraraq mövqelərini gücləndirməyə çalışır. Bəziləri hətta yarı ət, yarı bitki tərkibli məhsullar təqdim edir.
“The Economist” yekunda investorların bir hissəsi isə diqqəti laboratoriyada hüceyrə texnologiyası ilə istehsal olunan kultivasiya olunmuş ətə yönəldiyini bildirir. Bu sahə də xərclər və tənzimləmə maneələri ilə üzləşsə də, gələcək perspektiv kimi qiymətləndirilir. Ümumilikdə alternativ ət bazarı artım mərhələsindən tənzimləmə və yenidən formalaşma dövrünə keçdiyi qeyd edilib.






