29 trilyon dollar borc və büdcə kəsiri ilə ABŞ-da suveren fond yaratmaq ideyası qəribə görünür: belə fondlar adətən Norveç, Səudiyyə Ərəbistanı və ya Sinqapur kimi artıq vəsaitlər hesabına formalaşdırılır.
Banker.az bu barədə “The Economist”ə istinadən qısa formada məlumatları bölüşür.
Bununla belə, dərgi qeyd edir ki, Tramp administrasiyası ölkənin maliyyə sabitliyini gücləndirmək üçün səhmlərə, daşınmaz əmlaka və özəl bazarlara investisiya yatıracaq bir fond yaratmağı planlaşdırır.
İlk baxışdan bu ideya cazibədar görünür: dövlət vəsaitlərini yüksək gəlirli aktivlərə yatırmaq. Lakin praktikada suveren fondlar əlavə dəyər yaratmır, sadəcə riskləri yenidən bölüşdürür — vergi ödəyiciləri faktiki səhmdarlara çevrilir və bazarların dalğalanmasına məruz qalırlar.
Jurnal yazır ki, iqtisadi nəzəriyyə göstərir ki, riskli aktivlərin payının artması dövlət borcunun etibarlılığını azaldır və borclanma xərclərini artırır. Bazarlar dərhal reaksiya verməsə belə, likvidlik və maliyyə itkiləri riski qalır.
Həmçinin Norveç və Alyaska kimi uğurlu nümunələr təbii resurslardan əldə olunan gəlirlərin yenidən bölüşdürülməsinə əsaslanır, halbuki ABŞ-da belə bir imkan olmadığını qeyd edib. Üstəlik, amerikalılar onsuz da fəal şəkildə səhmlərə sərmayə yatırırlar. Tramp dövlət vasitəsilə məcburi investisiyalar əvəzinə, sadəcə olaraq, özəl investisiyaları stimullaşdırmalı idi.