Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi daha bir neçə ay davam edə bilər. Bu, Rusiyanın güzəştə getməyə hazır olub-olmamasından və cəbhə xəttində yaranacaq vəziyyətdən asılı olacaq. Bu barədə mənbələrə istinadən “The Economist” məlumat verib.
Nəşrin müsahiblərindən biri bildirib ki, Kreml qışın sonunadək sülh planı üzrə güzəştlərə hazır olmayacaq. Onun sözlərinə görə, həmin dövrə doğru Rusiyanın iqtisadiyyatı sanksiyalar səbəbindən çətinliklərlə üzləşə bilər.
Danışıqlara yaxın şəxslər isə “The Economist”ə Ukrayna və Rusiya mövqelərini bir qədər yaxınlaşdıran “ciddi irəliləyiş” barədə məlumat veriblər. Onların sözlərinə görə, danışıqlar Rusiyanın tələblərinin Ukraynanın mümkün güzəştləri ilə uzlaşdırılmasına yönəlib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 26 noyabrda bildirib ki, Ukrayna münaqişəsinin həlli məsələsində Rusiyanın hər hansı güzəştə getməsindən söhbət belə gedə bilməz.
CNN yazır ki, Ukrayna Ağ Ev tərəfindən hazırlanmış sülh planında Rusiya üçün əsas olan üç maddə ilə razılaşmayıb. Söhbət Ukraynanın Donbas ərazilərindən imtina etməsi və NATO-ya üzvlük istəyindən vaz keçməsindən gedir. Bundan əlavə, ABŞ-nin Ukrayna ordusunun sayının 600 000 nəfərlə məhdudlaşdırılması təklifi üzrə müzakirələr davam edir.







