17 C
Baku
Monday, April 15, 2024

The Economist: Yürgen Klopp və enerjinin vacibliyi

Böyük Britaniyanın “The Economist” jurnalı “Liverpul”un baş məşqçisi Yürgen Kloppun ruhən tükənməsi səbəbindən istefası fonunda iş dünyasında enerjililiyin önəmini bir daha gündəmə gətirərək uğurların açarının qabiliyyət və ambisiyadan ziyadə məhz enerjidə olduğunu xatırladıb.

Bu barədə məqalə dərginin biznes yazıları köşəsi olan “Bartlbi”də dərc olunub.

Yürgen Kloppu futbol meneceri olduğuna toxunan müəllif beləliklə “onun korporativ rəhbərlərə işlərini necə icra etməli olduqları barədə öyrədə biləcəklərinin bir sərhədi olduğunu” vurğulayır:

“Şirkətlərdəki menecerlər adətən tabeliyindəkilərin valideynlərini əvəzləmir, uğurlu müşavirədən sonra insanları ağuşuna almır və rəqiblərinə qarşı gegenpressinq texnikasından istifadə etmir. Lakin cənab Kloppun, demək olar, hər addımında uğurun vacib ünsürü olan enerjisi sona çatır”.

Məqalədə qeyd olunub ki, yanvarın 26-da Kloppun “Liverpul” futbol klubunun meneceri vəzifəsini bu ilin sonunda tərk edəcəyini açıqlaması hamı üçün sürpriz olub:

“Onun komandası dünyanın ən populyar idman növündə, ən çox rəğbət görən İngiltərə Premyer Liqasında zirvədədir. İşi sığortalıdır (onun müqaviləsinin müddəti 2026-cı ildə bitir) və bu işin hələ də onun xoşuna gəldiyini deyir. Lakin idarəçilik də daxil olmaqla vəzifədəki səkkiz ildən sonra onun enerjisi tükənir. O, imkanlarının məhdud olduğunu deyib: “Mən bunu üç təkərdə edə bilmərəm (işi yarım-yamalaq görmək – red.), sərnişin olmaq istəmirəm”.

Yazıda bildirilib ki, Klopp belə qərar qəbul etmiş ilk vəzifəli şəxs deyil:

“Casinda Ardern 2023-cü ilin yanvarında Yeni Zelandiyanın baş naziri vəzifəsindən istefa verib və artıq bu işi görmək üçün yetərli resursa malik olmadığını söyləyib. Ceff Kindler 2010-cu ildə dərman istehsalçısı olan “Pfizer”in rəhbəri olmaqdan imtina etdiyini, şirkətdəki rolunun daha çox məsuliyyət tələb etdiyi və bu səbəbdən enerji yığmağa ehtiyacı oldunu bildirib. Ancaq bir təşkilata rəhbərlik edən şəxsdə etirazın bu forması nadir görülən haldır. Çünki enerji rəhbəri tabeliyindəkindən fərqləndirən əsas amillərdən biridir. Bacarıq, ambisiya və uğur yağlı dirəyə dırmaşmaqda böyük rol oynayır. Enerjinin rolu isə nəhəngdir. Uğurlu insanlar e-poçta baxmağı və idman etməyi hələ gün çıxanadək çatdırır. Onlar səhər yeməyini ertələmir, çünki bir az yorğunluq hiss edə bilərlər; təbii ki, bunu etiraf etmirlər. Onların günorta yatma ehtimalı azdır. Onlar qırmızı gözdən qurtulur və adi iş günü işləyirlər”.

“Və bu sadəcə yüksəliş yoludur. Baş direktor vəzifəsinə keçmiş insanlarla danışın, onlar tez-tez işin nə qədər gərgin olduğunu, sönməyin nə qədər çətin olduğunu söyləyəcəklər. Əksər təşkilatlar piramida kimidirlər. Qərarlar sərtləşdikcə və daha vacib olduqca, onlar getdikcə daha az sayda fərdlərin üzərinə düşür”, – müəllif vurğulayıb.

Köşə yazarının fikrincə, “müdir mütəmadi olaraq işçilərə üzünü göstərməlidir və bu, iki həftə yuxusuz qalmış kimi görünənin sifəti ola bilməz”.

“Onlar idarə heyətini sevindirməli, investorlarla görüşməli, sonsuz netvörkinq tədbirlərində iştirak etməli və real işə vaxt ayırmalıdırlar. Bunu etmək bir yana, barəsində düşünmək belə yorucudur”.

Onun sözlərinə görə, “böyük işlərin sırf fiziki tələbləri o deməkdir ki, müəyyən növ insanların digərləri üzərində üstünlüyü var:

“İş vaxtında çoxlu başqa zənglərin olmaması yardımçı olur ki, bu da kişilərdən daha çox ev işi və qayğıları yüklənmiş qadınlar üçün pis xəbərdir”.

“Ekstraversiya cazibədarlıq baxımından üstünlük verir. London İqtisadiyyat Məktəbindən Oriana Bandiera və həmmüəllifləri tərəfindən 2017-ci ildə rəhbərlərin vaxtdan istifadəsinə dair keçirilmiş sorğunun nəticələri göstərib ki, müdirlər vaxtlarının 70%-ni həmkarları, müştəriləri və digərləri ilə ünsiyyətə sərf edirlər. Əgər siz başqa insanlarla vaxt keçirməkdən enerji alan bir insansınızsa, bu, hər zaman cərəyana taxılı telefon olmaq kimi bir şeydir. Əgər introvertsiniz və başqa insanların tükəndiyini görürsünüzsə, batareya gücünüz 1%-ə yaxın olacaq və sönməyiniz an məsələsidir”, – yazıda nəql edilib.

Müəllifə görə, bəzi şanslı insanlar təbiətən daha mətanətlidir, belə ki “onlar üç saatlıq yuxu ilə yetinə bilən və mürgüləmə düyməsinin nə olduğunu bilməyən mitoxondrial rəhbərlərdir”:

“Ancaq bioloji lotereyadan qalib ayrılmayıbsınızsa, nəyin diri tutduğunu və nəyin taqətdən saldığını hələ də öyrənə bilərsiniz. Bu, səhər tezdən məşq etmək, günorta mürgüləmək və ya sadəcə təqvimə riayət etmək ola bilər; Ceff Bezos “Amazon”u idarə edərkən sutkada azı səkkiz saat yatmağa can atır və saat 10-dan öncəyə görüş təyin etməməyə çalışırdı. Bu o deməkdir ki, istirahətə daha az önəm verməkdənsə, onu prioritetə çevirmək lazımdır. Rasmus Huqard və Jaklin Karter “Liderin zəkası” kitabında yüksək səviyyəli menecerlərin qeyri-peşəkarlara nisbətən daha çox yatdığını təsbit ediblər”.

“Enerji ehtiyatlarının tükəndiyini etiraf edərək cənab Klopp liderlik rollarının necə cəzalandırıcı ola biləcəyinə dair qeyri-adi bir xatırlatma edib. Onun “Liverpul”la vidalaşmaq qərarı başqa bir böyük futbol meneceri ser Aleks Ferqüsonun aforizmini xatırladır. “Zəhmətkeşlik istedaddır”, – ser Aleks deməyi sevərdi. Lakin bu həm də sadəcə çətindir”, – deyə yazar yekunlaşdırıb.

Xatırladaq ki, daha öncə “The Economist” “sağlam düşüncə heç də göründüyü qədər sağlam olmadığına” dair məqalə dərc edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər