Azərbaycan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarına qarşı hərbi hücumlarını uğurla davam etdirir. Rəsmi Bakı haqlı olaraq, bu qüvvələri Ermənistanın dəstəklədiyi qondarma “DQR” hesab edir.
Bu barədə tanınmış hərbi jurnalist Set Fransmanın İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan Ermənistan ilə münaqişədə nəyə nail olmaq istəyir” sərlövhəli məqaləsində deyilir.
Məqalə müəllifi qeyd edir ki, bu ölkələr XX əsrin 90-cı illərindən münaqişə aparır, lakin son illər hərbi toqquşmalar daha tez-tez baş verir.
“Azərbaycan Ermənistan ilə danışıqlarda real irəliləyiş və tərəqqi tələb edir. Sentyabrın 27-də Azərbaycan bəyan edib ki, erməni qüvvələri genişmiqyaslı təxribatlar törədiblər və Azərbaycan əks-hücuma başlayaraq cavab verməyə məcbur olub. İndi bu anlayış genişlənib və buraya artilleriyadan istifadə, müasir pilotsuz uçuş aparatları ilə zərbələr, nəqliyyat vasitələrinin məhv edilməsi və onlarca döyüşçünün öldürülməsi daxildir. Yerlərdə vəziyyət onu göstərir ki, Azərbaycan ordusu Murovdağ silsiləsindəki kəndləri və Murov zirvəsini nəzarət altına almaqla real irəliləyişə nail olub”, – deyə Set Fransman qeyd edir.
Məqalə müəllifi vurğulayır ki, baş verən hərbi hadisələr barədə azərbaycanlı ekspertlərlə söhbətdə, həmçinin ermənilərin hesabatlarının bilavasitə təhlilində indiki vəziyyətdə real müharibə dumanı hiss olunur.
“Azərbaycanın real olaraq bir məqsədi var idi – təmas xətti, o cümlədən 250 kilometrdən çox cəbhə xətti boyunca əks-hücuma keçmək. Həmin sahə 13 min kvadratkilometrə bərabərdir. Xüsusən atəşə məruz qalan obyektlər sırasına şimalda Vardenis-Ağdərə şosesindən Azərbaycan əsgərlərinin uğurla mühasirədən çıxardıqları Murovdağ zirvəsinədək ərazi daxildir.
Azərbaycan mənbələri xəbər verirlər ki, ordu bazar günü bütün cəbhə boyunca iri əks-hücuma başlamağı qərara alıb. Buraya tanklardan, pilotsuz uçuş aparatları, artilleriya və raket qurğularından istifadə aid idi. Qeyd etmək yerinə düşər ki, pilotsuz uçuş aparatlarından taktiki və strateji istifadəyə gəlincə, Azərbaycan qabaqcıl və müasir orduya malikdir. Ordu bu vasitələrdən düşmənin zenit hissələrinin məhvi üçün istifadə edib. Türkiyə televiziyasında nümayiş etdirilən videoda da həmin hissələrə çoxsaylı zərbələr endirilməsi göstərilib.
Müəllif yazır ki, Azərbaycan paytaxt Bakıdan təxminən 230 kilometrlik cəbhəyanı zonanı döyüş əməliyyatları zonası elan edib.
Ölkə uçuşları bir neçə günlüyə dayandırıb və əsgərləri qismən səfərbər edir. Azərbaycanda on minlərlə insan çağırışa hazırdır və ölkə rəhbərinin fəaliyyətini dəstəkləyirlər.
Azərbaycan bəyan edib ki, bazar günü düşmənin 12 zenit-raket kompleksi darmadağın edilib, ermənilərin çoxlu sayda pilotsuz uçuş aparatı və onlarca maşın, həmçinin helikopterlər vurulub.
Azərbaycan haqlı olaraq təsdiqləyir ki, Ermənistan onun beynəlxalq səviyyədə tanınan ərazilərini 1991-ci ildən qeyri-qanuni işğal edib və bu ərazilər Azərbaycan ərazilərinin 20 faizini təşkil edir.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan qondarma “DQR”in yerləşdiyi Dağlıq Qarabağ regionunun “mübahisəli ərazi” deyil, müstəqil Azərbaycanın ayrılmaz hissəsi olduğunu inadla və aydın şəkildə vurğulayır.
“Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik yeddi rayonunu işğal edib. Bütün bu illər ərzində Ermənistan dinc yolla bu rayonlardan imtina etməyə hazırlaşmayıb”, – deyə mənbə bildirir.
Beləliklə, Set Fransmanın sözlərinə görə, müharibə Ermənistan ərazisi uğrunda deyil, beynəlxalq hüquqa müvafiq olaraq Bakıya məxsus olan ərazilərin özünə qaytarılması uğrunda aparılır. “Rəsmi Bakı təsdiqləyir ki, 28 ildən artıqdır təmkin nümayiş etdirib, bu gün isə onun keyfiyyətli texnoloji üstünlüyə malik böyük və güclü ordusu var. Bunun səbəblərindən biri İsrail ilə sıx strateji siyasi və hərbi-texniki münasibətlər, həmçinin enerjidaşıyıcılarından, o cümlədən neft kəmərləri və yeni qaz kəmərlərinin tikintisi planları da daxil olmaqla maliyyə imkanlarıdır. Bu imkanlar Azərbaycanı Avropa, Türkiyə və beynəlxalq bazarlarla bağlayır”, – deyə Set Fransman İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır.
Azərbaycan bu münaqişənin nizamlanması üzərində ATƏT-in Minsk qrupu ilə uzun illər ərzində sıx əməkdaşlıq edib. Yerevan işğal edilmiş torpaqların bircə qarışını belə sülh yolu ilə azad etmək üçün siyasi iradə göstərməyib.
“Məlumatlara görə Azərbaycan ermənilərin işğal edilmiş Dağlıq Qarabağda silah-sursat anbarlarına zərbə endirib. Bakıda, həmçinin bildirirlər ki, döyüşlərin birinci günündə ermənilər iriçaplı silahlardan, minaatanlardan və artilleriyalardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar”, – deyə müəllif yazır.
Set Fransmanın fikrincə, Azərbaycan haqlı olaraq göstərir ki, beynəlxalq hüquq onun tərəfindədir və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
“Bu ilin iyul ayında Azərbaycan ilə Ermənistan arasında Tovuz və Goranboy rayonlarında da döyüşlər baş verib. Bu dördgünlük münaqişə və 2016-cı ilin Aprel döyüşləri indiki münaqişənin başlanğıcı idi. Hazırkı vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə düşür”, – deyə Bakı təsdiqləyir.
“Azərbaycan əmindir ki, onun son onilliklər ərzində müasirləşdirilmiş silahlı qüvvələri Dağlıq Qarabağda Ermənistanın silahlı qüvvələri üzərində qələbə qazana bilər.
Azərbaycan fəxr edir ki, regionda özünün iri və nüfuzlu aktorlardan asılı olmayan müstəqil xarici siyasətini yürüdür. Onilliklərlə danışıqlar prosesində irəliləyişi və ya tərəqqini gözləyən Bakı hesab edir ki, bu səylər risk bahasına başa gəlib”, – deyə Set Fransman yazır.
Müəllif Bakıda cari vəziyyətə münasibət barədə Azərbaycan nümayəndəsinə bir neçə sual verib. Cavab belə olub: “O tərəf qalib gəlir ki, onun uğurlu hərbi əməliyyatları təmin edən daha qabaqcıl texnoloji vasitələri olsun”.
Dağlıq Qarabağda döyüşlərdə öldürülmüş ermənilərin siyahısındakı gənclərin əksəriyyəti 1990-cı illərdə, bəziləri isə 1998-ci ildə doğulanlardır. Bu isə onu göstərir ki, onlar bu döyüş meydanını formalaşdıran münaqişədən xeyli sonra dünyaya gəliblər. Öz hökumətlərini daha irəli getməyə çağıran gənc azərbaycanlılar kimi onlar da yeni nəslin nümayəndələri idi”, – deyə hərbi müxbir Set Fransman İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində şərh edir.