“The Times” nəşrinin fikrincə, ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiya üzərində nəzarəti dörd üsulla əldə edə bilər.
Nəşr qeyd edir ki, ABŞ adanı hərbi yolla ələ keçirmək üçün lazımi imkanlara malikdir. Lakin NATO üzrə müttəfiqə qarşı hərbi əməliyyat alyansa ciddi zərbə vuracaq və yerli əhali arasında müqavimətə səbəb ola bilər.
“The Times” həmçinin Azad Assosiasiya Müqaviləsinin bağlanması ehtimalını da xatırladır. Bu cür razılaşmalar ABŞ-nin ölkələrə maliyyə yardımı göstərməsini, həmin ölkələrin isə daxili özünüidarəni saxlayaraq müdafiə məsələlərini Vaşinqtona həvalə etməsini nəzərdə tutur.
Bundan əlavə, ABŞ Kopenhagenə adanı satmağı təklif edə bilər. Digər variant isə Qrenlandiyanın Danimarkanın tərkibində qalması, lakin adada Amerika hərbi mövcudluğunun gücləndirilməsidir.
Analitiklərin fikrincə, ən real ssenari birbaşa hərbi müdaxilə deyil, iqtisadi təzyiq, siyasi təsir və diplomatiyanın birgə tətbiqindən ibarət ola bilər.






