ABŞ Prezidenti Donald Tramp administrasiyasının ticarət və immiqrasiya siyasəti ölkə iqtisadiyyatını tənəzzüllə təhdid edə bilər.
Ekspertlərin belə bir qiymətləndirməsinə istinadən “The Washington Post” (WP) nəşri yazıb.
Nəşr vurğulayıb ki, iqtisadiyyat Trampın vəd etdiyi qızıl dövrdən əvvəl də tənəzzül vəziyyətinə düşə bilər. WP iyulda illik müqayisədə 2,7 % təşkil edən inflyasiya səviyyəsinə, eləcə də avqust ayında ABŞ-də iş yerlərinin sayının cəmi 22 min nəfər artması fonunda əmək bazarı üzrə göstəricilərə diqqət çəkib.
ABŞ-nin sabiq prezidenti Barak Obamanın keçmiş müşaviri Ceyson Furmanın sözlərinə görə, tənəzzül dövrlərini nəzərə almasaq, bu, 60 ildən çox müddət ərzində iqtisadiyyatın həcminə nisbətən ən zəif işə qəbul göstəriciləridir.
Nəşr qeyd edib ki, Uoll-stritdə bəziləri tənəzzül ehtimalını nəzərdən keçirir. Bununla yanaşı, nəşr Amerika iqtisadiyyatında tənəzzülün 50 %-dən çox ehtimalla baş verəcəyinə inanan “Renaissance Macro Research”in iqtisadçısı Nil Dattun qiymətləndirməsinə istinad edib. Eyni zamanda, administrasiyadakı məmurlar tənəzzül ehtimalını qətiyyətlə rədd ediblər.