İnsan beyni bu günümüzə qədər bir çox cəhətdən sirli olaraq qalır. Onun heç də bütün bacarıq və xüsusiyyətləti elmə məlum deyil. Artıq uzun illərdir ki, alimlər bu istiqamətdə araşdırmalar aparır. Bu yaxınlarda isə həkimlər insana məxsus ən qəribə beyin aşkar etmişlər. Lakin onun məhz kimə aid olduğunu müəyyən etmək mümkün olmamışdır.
Şimali Texasın dövlət xəstəxanasında anatomik preparatlar arasından 1970-ci ildə dünyasını dəyişmiş bir şəxsin beyni tapılır. “Eksponat”a xüsusi nömrə verilsə də, xəstə haqqında tibbi sənədlər və mikrofilmlər itirilmişdir. Bu səbəbdən də tapılmış bu beyinin kimə – kişiyə, yaxud qadına mənsub olması məlum deyil.
Tapıntının fərqləndirici xüsusiyyəti beyin yarımkürələri üzərində qırışların və qatların olmaması idi. Bu xüsusiyyət artıq elmə məlumdur və tibbdə lissensefaliya və yaxud agiriya adlanır. Lakin əvvəllər alimlər bu xəstəliyin belə aydın şəkildə inkişaf etmiş formasına rast gəlməmişdilər.
Qaydalara əsasən, bu xəstəlik ilə doğulan uşaqlar heç 10 yaşlarına qədər yaşamır və bununla yanaşı bütün ömrü boyu əzələ spazmlarından, qıcolmalardan əziyyət çəkir və informasiya qəbulunda çətinlik yaşayırlar. Lakin tapılmış bu nümunədən aşkar olur ki, bu beyin azyaşlı bir uşağa deyil, böyük yaşda olan bir insana məxsusdur.
Həkimlərin təxmin etdiklərinə görə, bu beyinin sahibinin ciddi psixoloji problemləri olmuşdur, lakin bu problemlərin məhz hansılar olduğu demək çətindir. Ola bilsin ki, həkimlər oxşar fenomenləri canlı insanda aşkar etsələr, lissensefaliya xəstəliyinin səbəb olduğu psixoloji anomaliyaları müəyyən edə bilərlər.