“İcbari tibbi sığortanın pilot layihə şəkilində icrasına başlanan Mingəçevir və Yevlax rayon xəstəxanalarına ixtisaslı həkimlər və Türkiyəli ekspertlər cəlb ediləcək”.
Lent.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev “Günün nəbzi” verilişində deyib.
Z.Əliyev bildirib ki, regionlarda kifayət qədər ixtisaslı həkimlər olsa da hazırda Mingəçevir və Yevlax rayon xəstəxanalarında İcbari tibbi sığortanın baza zərfində təklif edilən müəyyən xidmətlər göstərilmir: “ Bu da əsasən xəstəxanalarda avadanlıq çatışmazlığı ya da həmin xidmət üzrə həkimin olmaması ilə bağlıdır”.
Agentlik direktoru deyib ki, buna görə Bakı şəhərindən daha ixtisaslı həkimlər mütəmadi olaraq rayonlara cəlb ediləcək: “ Bu həkimlər davamlı şəkildə həftənin bir neçə günü həmin xəstəxanalarda vətəndaşlara xidmət göstərəcəklər.
İkincisi xarici ekspertləri dəvət etməyi planlaşdırırıq. Daha çox üstünlük türk ekspertlərinə veriləcək. Türkiyədən dəvət edilmiş mütəxəssislər tibb personalına təlimlər keçəcək. Səhiyyə Nazirliyi ilə də danışıqlarda bu məsələni qeyd etmişik və tam dəstək göstərməyə hazırdırlar”.