ABŞ-da Trump administrasiyasının hakimiyyətə gəlməsi ilə Dünya Ticarət Birliyinin yaranmasından sonra sona çatan “ticarət müharibəsi” yenidən başladı. ABŞ hökuməti Çindən idxal olunan ən azı 1,300 adda 50 milyard dollar ekvivalentində məhsula 25% idxal rüsumu tətbiq etməyə başladı ki, Çin hökuməti də buna qarşılıq olaraq, eyni dollar ekvivalentində olan ABŞ-dan idxal olunan mallara eyni tarifləri tətbiq etməklə cavab verdi.
Ticarətdə bu mühafizəkar addımlar milliyətçi siyasətçilər tərəfindən rəğbətlə qarşılansa da, ticarət müharibəsinin Amerikaya nə vəd etdiyini gələcək göstərəcək. Hal-hazırda belə addımların iqtisadiyyata qısa-müddətli müsbət təsirləri Amerikada yeni iş yerlərinin açılması, yerli məhsulların daha rəqabətli olması, əhalinin gəlirinin artması olsa da, uzun-muddətli nəticələr iqtisadiyyat üçün fəlakət ilə nəticələnə bilər. Ancaq ABŞ-ın hökumət başçısı Tramp isə ticarət müharibələrinin pis olmadığı fikrini müdafiə edir. Tarixdə bu günə qədər ticarət müharibələri olub və ABŞ bir neçə dəfə belə müharibələrin içərisində yer alıb. Mühafizəkar addımların iqtisadi nəticələrinə baxmaq üçün, tarixdə baş vermiş böyük ticarət müharibələrinin təhlili vacibdir.
ABŞ Çin mallarına qarşı mübarizədə ciddi təcrübəyə də sahib ölkədir. Obamanın hakimiyyəti illərində də Çindən idxal olunan avtomobil təkərlərinə idxal rüsumu tətbiq edilmiş və qısa müddətli uğurlar qazanılmışdır. Lakin hər ticarət müharibəsində olduğu kimi, yenə də uzun müddətli təsir ABŞ-da yerli malların bahalaşması və iş yerlərinin itkisi olmuşdur.
ABŞ tarixinin ən məşhur mühafizəkar addımlarından biri 1-ci dünya müharibəsindən sonra ABŞ məhsullarının beynəlxalq arenada rəqabətliliyinin artması üçün “Böyük böhran” illərində ABŞ hökümətinin tətbiq etdiyi “Smooth & Hawley” tarifi olmuşdur. Tarif 1929-cu ildə qiymətli kağız bazarının çökməsi ilə zərər görən iqtisadiyyatı dirçəltmək üçün həmin dövrdə ABŞ prezidenti Hoover tərəfindən imzalanmışdır. Yeni mühafizəkar tarif 20,000 adda idxal olunan məhsula əlavə 20% idxal rüsumunun tətbiq edilməsini nəzərdə tuturdu. Tarif əvvəllər yalnız kənd təsərrüfatı məhsullarına tətbiq edilsə də, sonradan digər sektorlarda da idxal rüsumu artırılmışdır. Tarifin nəticəsi o oldu ki, həqiqətən də ABŞ-ın Avropadan idxalı azaldı, ancaq eyni zamanda digər dövlətlər də ABŞ məhsullarına idxal rüsumları tətbiq etməyə başladı. Təkcə 4 il ərzində, bu qarşılıqlı rüsum artımı, ABŞ iqtisadiyyatında ixracın həcmini 3 dəfə azaltdı. İqtisadçıların fikrincə, məhz bu ticarət müharibəsi “Böyük Böhran”ın illərlə davam etməsinə gətirib çıxardı.
Yaxın tarixdə bir neçə dəfə qlobal miqyasda olmasa da, yerli vacib xüsusi sektorları qorumaq üçün, ABŞ Asiya nəhəngləri ilə “ticarət müharibəsi”nə daxil olmuşdur. 1980-cı illərdə, ucuz yapon yeni və innovativ məhsullarına təlabat, ABŞ avtomobil bazarını Yaponiya üçün bir nömrəli ixrac bazarına çevirmişdi. ABŞ avtomobilləri innovativlik, keyfiyyət və qiymət baxımından yerli bazarda Yapon istehsalı avtomobillərə uduzurdu. Tədbir olaraq, ABŞ höküməti yapon avtomobillərinin ölkəyə idxalına kvota qoyaraq, məhdudiyyətlərlə ABŞ avtomabillərinin rəqabətliliyini artırmağa cəhd etdi. Yerli bazarda ABŞ avtomobil istehsalçıları qlobal bazardan rəqabət görmədiklərinə görə, istehsalın sayını azaltmaqla, avtomobillərin qiymətini artırdılar. Nəticədə, 2 il ərzində ABŞ avtomobil bazarında 60,000 iş sahibi işini itirdi və ABŞ-da avtomobillərin orta qiymətində 1000 dollar artım müşahidə edildi.
Bəs ticarət müharibələrində hər iki ölkə itirirsə, qazanan kim olur? Cavab sadədir: müharibədə iştirak etməyən ölkələr! Məsələn, 1930-cu illərdə ABŞ tərəfindən tətbiq edilən tariflərə cavab olaraq, İtaliya SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) ilə ticarət müqaviləsi imzaladı və SSRİ dağılsa da, indiyə qədər davam edən ticarət ənənələrinin əsası qoyuldu. Digər bir misal, 1890-cı illərdə, ABŞ Kanadaya qarşı idxal rüsumları tətbiq etdikdə, Kanada özünün yeni ticarət tərəfdaşı kimi Böyük Britaniya imperiyası ilə ticarət əlaqələrini genişləndirdi və uduzan yenə ABŞ oldu. Tarix boyu uzun illər müharibə şəraitində olan İtaliya və Fransanın illərlə davam edən ticarət müharibəsi nəticəsində iqtisadiyyatları ciddi ziyan görmüş və nəticədə, İtaliya 1890-cı illərdə Almaniya və Avstriya-Macarıstan imperiyası ilə daha da yaxınlaşmışdır.
Tarixi dərslər onu göstərir ki, ticarət müharibələri hər iki ölkənin iqtisadiyyatına ziyan vurmaqla yanaşı, həm də ölkələri siyasi nəticələri uzun illər davam edə biləcək addımlar atmağa sövq edir. Dünyada son illər baş verən iqtisadi qloballaşma ölkə iqtisadiyyatlarını bir-birindən daha çox asılı edib. Çin hökümətinin və istehsalçılarının bəzən ədalətsiz ticarət həmlələrinin beynəlxalq bazarda ABŞ mallarının rəqabətliliyini azaltdığı hamıya məlumdur, ancaq məsələnin həlli ticarət müharibəsi olmamalıdır. İndiki qlobal iqtisadiyyatda ticarət müharibəsi hər iki ölkəyə də ziyan vurur və adətən qalib bu müharibədən qazanclı yox, ya daha az zərərlə çıxan ölkə olur, ya da bu müharibədə iştirak etməyən başqa bir ölkə olur.
Müəllif: Ali Dadashzade ACCA