Ticarət müqaviləsinin birinci mərhələsi yaxın iki ildə ABŞ-ın Çinə ixracının təxminən iki qat artacağını nəzərdə tutur. Bu haqda ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer məlumat verib.
ABŞ və Çinin yüksək vəzifəli şəxsləri tərəfindən sazişin rəsmi imzalanma tarixi hələ müəyyən edilməyib.
Cümə günü elan edilmiş müqavilə Çinin ABŞ-ın kənd təsərrüfatı, sənaye və enerji məhsullarının alışını növbəti iki il ərzində 200 milyard dollar artırması müqabilində ticarət rüsumlarının azaldılmasını nəzərdə tutur.
Çin eyni zamanda ABŞ-ın intellektual mülkiyyətini qorumağa, texnologiyaların məcburi köçürülməsini məhdudlaşdıracağına və valyuta manipulyasiyalarına əl atmayacağına söz verib.
Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalı növbəti iki ildə 40-50 milyard dollar artacaq. Xatırladaq ki, 2017-ci ildə ABŞ Çinə 24 milyard dollarlıq kənd təsərrüfatı məhsullarını ixrac edib.
Daha əvvəl verildiyi məlumata görə, Donald Tramp dekabrın 15-də dəyəri 160 milyard dollar olan mallara gömrük rüsumunu tətbiq etməyəcəyini bildirmişdir.
ABŞ Çindən gətirilən dəyəri 120 milyard dollar olan mallara ticarət tariflərini 7,5%-ə qədər azaltmağa razı olduğunu bildirib.