Tikililərə “kupçaların” verilməsi intensivləşəcək – Prosedur necə olacaq?

Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir. İndiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74.6 mini üzrə işlər yekunlaşıb.

“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir”.

Bunu Milli Məclisin VI çağırış deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir.

“Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir”.

V.Bayramov deyir ki, kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı.

“Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər”.

V.Bayramov növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacağını gözlənildiyini bildirib:

“Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.