Şəhərsalma və Tikinti Məcəlləsinə tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması məsələlərinin məcburiliyinə dair maddənin daxil edilməsi təklif olunur.
Banker.az xəbər verir ki, bu, Hesablama Palatasının “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.
Bildirilib ki, audit zamanı Şəhərsalma və Tikinti Məcəlləsində Abidələrin və Obyektlərin məhv olması və ya korlanması risklərinin mövcudluğu, həmçinin yuxarıda qeyd edilənlərin Məcəllədə əks etdirilməməsi səbəbindən obyektlərin axtarışı və aşkar olunması fəaliyyətlərinin maliyyələşdirilməsinin “dövlət-özəl əməkdaşlığı” prinsipi əsasında özəl sektora ötürülməsi imkanlarından istifadə edilməsinin nəzərdə tutulmaması üzə çıxıb.
Auditor hesabatında bütün tikinti işləri zamanı aşkar edilə bilinəcək abidə əlamətli obyektlərin məhv olmasının qarşısının alınması və abidə əlamətli obyektlərin axtarışı və aşkar edilməsində “dövlət-özəl əməkdaşlığı” prinsipinin tətbiqi ilə bu fəaliyyətlərlə bağlı büdcə yükünün azaldılması məqsədilə Məcəllədə mədəni irsin qorunmasının təmin edilməsinin bu sahədə dövlət siyasətinin əsas istiqamətləri, tikinti fəaliyyətinin mədəni irs abidələrinə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi fəaliyyətinin şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri qismində göstərilməsi, eləcə də tikinti aparılan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması məsələlərinin məcburiliyinin və həmin işlərin tikinti aparacaq hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdiriləcəyinin nəzərdə tutulması təklif olunub.
Qeyd edək ki, Hesablama Palatası Milli Məclisin orqanıdır.