Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə dövlət rüsumlarına dəyişiklik edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.
Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün rüsum 30 manatdan 45 manata, yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun dublikatının verilməsi üçün rüsum isə 10 manatdan 15 manata qaldırılacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.