Azərbaycan Dövlət Statistika Komitəsi tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə açıqlama verib.
2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil etmiş, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 30,2 faizi dövlət, 69,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 835,4 manata çatmışdır. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artmış, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalmışdır. Tikinti müəssisələrinin 60,1 faizində işçilərin orta aylıq nominal əmək haqqı 300 manatdan aşağı, 29,6 faizində 301-600 manat, 3,5 faizində 601-900 manat, 6,8 faizində isə 900 manatdan yüksək olmuşdur.