2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdədir. Xüsusilə yola salmaqda olduğumuz 2018-ci ilin ortalarından başlayaraq, ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Demək olar ki, hazırda paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.
Məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rəşad Əliyev bildirib ki, bir neçə il əvvəl müşahidə edilən tikinti bumunun kökündə tələbatın artması, iqtisadi vəziyyətin yaxşı olması dururdu:
“Demək olar ki, iqtisadiyyatın bütün sahələrində inkişaf nəzərəçarpaçacaq dərəcədə idi və bu şəraitdə əhalidə alıcılıq qabiliyyəti artırdı. Bu da müvafiq olaraq tikinti sektoruna tələbatı artırdı. Tələbata uyğun olaraq da təklif formalaşmağa başlamışdı. Nəticədə tikinti sektorunda hiss olunacaq dərəcədə inkişaf gedirdi. Hazırda müşahidə edilən tikinti sektorundakı canlanma isə bir qədər fərqli amillərlə bağlıdır”.
R.Əliyevin sözlərinə görə, tikinti sektorundakı hazırkı canlanma pilot layihələrin hesabına gerçəkləşir:
“Bu layihələr çərçivəsində investorlar cəlb olunub. İrəli sürülən nisbətən yüngül şərtlər tikinti şirkərlərinin marağınadadır. Demək olar ki, müşahidə edilən tikinti bumu tələbatla yox, təkliflə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka, xüsusilə də mənzillərə tələbat hər zaman var. Sadəcə olaraq dövrü olaraq alıcılıq qabiliyyətindən asılı olaraq dəyişir.
Bir çox tikinti şirkətləri pilot layihələr çərçivəsində tikintilə məşğul olmağa başlayıb. Təklifin qarşılığında müvafiq tələbat yoxdur. Alıcılıq qabiliyyəti yüksəlməzsə, hazırda tikinti sektorunda müşahidə olunan intensivliyi saxlamaq çox çətin olacaq”.
Ekspert təkliflə tələbi uyğunlaşdırmaq üçün müəyyən güzəştlərin tətbiq olunmasının tərəfdarıdır:
“Hansısa yollarla tələbatın stimullaşdırılması lazımdır. Yəni elə şərtlər olmalıdır ki, tikilən mənzillər vətəndaş üçün əlçatan olsun. Bu bütün sahələrdə belədir ki, təklif tələbata uyğun formalşdırılır. Biz isə təklifin formalaşmasını görürük, alıcılıq qabiliyyətinə malik tələbat isə yoxdur. Bir çox ölkələrdə olduğu kimi aşağı faizlərlə mənzil satışları həyata keçirilməlidir. Bir çox alətlər istifadə olunmalıdır. Pilot layihələrin əksəriyyətinin eyni vaxtda start götürdüyünü nəzərə alsaq, yaxın gələcəkdə bazara daha çox mənzilin çıxarılacağını gözləmək olar. Bəzilərinin tikintisi heç başa çatdırılmayıb. Amma tikinti başa çatdıqca, bazara daha çox əmlak çxıarıldıqca, aılıcılıq qabiliyyətini stimullaşdırmaq lazım gələcək”.