17 C
Baku
Friday, October 18, 2024

Tikinti şirkəti əvvəlki kimi gəlir əldə edə bilmir – Bu arada səhmdarlardan biri isə kapitalını geri çəkir

Azərbaycanda fəaliyyətdə olan inşaat şirkəti “AS İnşaat-N” MMC-nin 2022-ci ildə xalis mənfəəti azalıb.

Banker.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri 2021-ci ildə 1 mln. 944.5 min manat olduğu halda, bu rəqəm 2022-ci ildə 4% artaraq 2 mln. 72.8 min manata yüksəlib. Lakin artım olsa belə, bu, öncəki illərdən xeyli aşağıdır.

Şirkətin əsas əməliyyat gəlirləri asfaltdan tutmuş betona qədər inşaat məhsullarının istehsalından əldə edilir. Sözügedən şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir.

Şirkət 2020-ci ilə qədər 9-10 mln. manatlıq gəlirlərə sahib idi. Son iki ildə isə şirkətin gəlirlərində kəskin eniş oldu. 2019-cu ildə “AS İnşaat -N” MMC 29 mln. 858.4 min manatlıq gəlir əldə etmişdi ki, bu göstərici 2020-ci ildə 11 mln. 707 min manata, 2021-ci ildə isə kəskin enişlə 1 mln. 944.5 min manata düşdü.

Ötən gün isə şirkətin həmtəsisçilərindən biri “Crystal Əmlak” ASC-nin (Crystal şirkətlər qrupuna daxildir) bu şirkətdəki 50%-lik payını geri çəkdiyi məlum olub. Şirkətin digər həmtəsisçisi iş adamı Nuşravan Cəlilovdur, hansı ki, o həm də şirkəti idarə edir. Beləliklə, pay bölgüsündə hansısa dəyişiklik bundan sonra olmazsa, cənab Cəlilov şirkətin əsas səhmdarı kimi qalacaq.

Şirkət 2022-ci ildə 22 min manat xalis mənfəət əldə edib. 2019-ci ildə bu xalis mənfəət 1 mln. 989.5 min manat, 2020-ci ildə 557.5 min manat və 2021-ci il isə 378.7 min manat olub.

Bununla belə, şirkət son ildə səhmdarlarına dividend ayırmayıb. 2022-ci ilin sonuna onun kapital balansında 2 mln. 831.5 min manat bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, şirkət 2010-cu ildə təsis edilib. Ötən gün elan verildiyi kimi, “Crystal Əmlak” QSC şirkətdən əmlakını çəkərsə, nizamnamə kapitalı 100 manatdan 50 manata düşəcək. Beləliklə, şirkətin yeganə səhmdarı Nuşravan Cəlilov olacaq.

6576756

Son xəbərlər
Digər xəbərlər