SOCAR və Türkiyənin “Tekfen” şirkətinin birgə müəssisəsi olan “AZFEN” keçən il gəlirlərin kəskin azalması və xərcləri qarşılaya bilməməsi böyük zərərlə bitirməsinə səbəb olub.
Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, 2024-cü ili 25.91 milyon manat xalis zərərlə başa vurub. Halbuki, 2023-cü ildə şirkət 11.47 milyon manat xalis mənfəət əldə etmişdi.
Müştərilərlə müqavilələrdən əldə olunan gəlirlər 2024-cü ildə 75.21 milyon manat təşkil edib. Bu isə əvvəlki illə müqayisədə kəskin azalma deməkdir. 2023-cü ildə bu göstərici 217.55 milyon manat idi. Hətta 2022-ci ildə onun müqavilələrdən 569.76 mln. manat gəliri olmuşdu.
Gəlirlərin əsas hissəsi Azərbaycan bazarından daxil olub. 2024-cü ildə bu daxili bazardan 65.43 milyon manat gəlir əldə edilib, 2023-cü ildə isə bu rəqəm 207.13 milyon manat olmuşdu. Gürcüstan bazarından isə müvafiq olaraq 9.79 milyon və 10.42 milyon manatlıq gəlir daxil olub.
Ümumi mənfəət göstəricisi də mənfiyə dönüb və 23.66 milyon manat təşkil edib. Bu isə satışların maya dəyərinin gəlirləri üstələdiyini göstərir. İnzibati xərclər 2024-cü ildə 6.17 milyon manat olub, bu da əvvəlki ilin 8.72 milyon manatlıq göstəricisindən aşağıdır.
Birgə müəssisənin aktivləri də azalıb. 2023-cü ilin sonunda 276.57 milyon manat olan aktivlər, 2024-cü ilin sonunda 247.35 milyon manata enib. Cari öhdəliklər isə 25.04 milyon manatdan 21.73 milyon manata düşüb. Bölüşdürülməmiş mənfəət isə 2023-cü ildəki 251.25 milyon manatdan 2024-cü ildə 225.34 milyon manata geriləyib.
“AZFEN”də ixtisarlar dayanmır. 2024-cü ildə orta hesabla 1 211 işçiyə sahib olub. Bu isə 2023-cü ildəki 1 941 nəfərlə müqayisədə 37.6% azalma deməkdir. 2023-cü ilin əvvəlində 5 450 nəfər olan işçi sayı vardı.
“AZFEN” MMC-nin 2023-cü ildə təşkilati-hüquqi forması birgə müəssisədən MMC-yə çevrilsə də, şirkətin nizamnamə kapitalındakı pay strukturunda dəyşiklik baş verməyib. Əvvəlki qaydada onun 277 min manatlıq nizamnamə kapitalının 60 faizi SOCAR-ın, 40%-i Türkiyənin Tekfen şirkətinə məxsusdur.