Tikinti-quraşdırma və inşaat əməliyyatları ilə məşğul olan “Mörtel” QSC-nin 2024-cü il maliyyə hesabatına əsasən, şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə xeyli azalıb.
Banker.az xəbər verir ki, şirkətin xalis mənfəəti 292 min manat təşkil edib. Bu göstərici 2023-cü ildə 834 min manat idi. Beləliklə, mənfəət illik müqayisədə təxminən 65% azalıb.
“Mörtel”in gəlirləri 2023-cü illə müqayisədə artaraq 8,6 milyon manatdan 9,4 milyon manata yüksəlib. Lakin satışların maya dəyərinin 5,2 milyon manatdan 6,9 milyon manata qalxması nəticəsində xalis mənfəət azalmasına təsir edib. Əməliyyat gəliri 1,13 milyon manatdan 387 min manata düşüb.
Şirkətin cəmi 63 işçisi var. Bu öncəki ildən cəmi 1 nəfər artıq işçisi olub.
Balans hesabatına görə, “Mörtel” QSC-nin ümumi aktivləri 2024-cü ilin sonuna 3,63 milyon manat olub, bu da 2023-cü ilin sonundakı 3,84 milyon manatdan azdır. Uzunmüddətli aktivlər 524 min manatdan 472 min manata enib, qısamüddətli aktivlər isə 3,31 milyon manatdan 3,16 milyon manata geriləyib.
Öhdəliklərin həcmi isə əksinə, artıb. Cəmi öhdəliklər 2023-cü ildə 1,99 milyon manat idisə, 2024-cü ildə 2,92 milyon manata yüksəlib. Kapital göstəricilərinə əsasən, bölüşdürülməmiş mənfəət 1,8 milyon manatdan 663 min manata azalıb.Şirkət 2024-cü il ərzində səhmdarlarına 1 milyon 429 min manat dividend ödəyib. Ümumi kapital 1,85 milyon manatdan 714 min manata düşüb.
Xatırlatma!
“Mörtel” QSC 2019-cu ildə təsis edilib, 50 000 manat nizamnamə kapitalı var. Şirkətin səhmlərinin 98 faizi “LSA Marine” QSC-yə, qalan 2 faizi isə Oruc Vəliyev Göyüş oğluna məxsusdur.









