“TikTok” xidməti onlayn alış-veriş üçün nəzərdə tutulmuş “Shopify” ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, bu tərəfdaşlıq 1 milyona yaxın “Shopify” satıcısına “TikTok”da reklam kampaniyalarını həyata keçirməyə imkan verəcək. “TikTok”da yaradılacaq ayrıca kanal vasitəsilə onlar hansı məhsulu reklam etmək istədiklərini seçəcəklər və bundan sonra yeni müştəriləri cəlb etmək üçün xidmətin lentində ona uyğun videolar görünəcək.
“TikTok” vurğulayır ki, “malların yüksək keyfiyyətli tiktoklara çevrilməsi” bir neçə dəqiqə çəkəcək. Bundan əlavə, satıcılara reklam kampaniyasına başlamaq üçün 300 dollar kredit veriləcək.
Qeyd edək ki, yeni funksiya artıq ABŞ-da mövcuddur və 2021-ci ilin əvvəllərində Şimali Amerika, Avropa və Cənub-Şərqi Asiyanın bazarlarında satışa təqdim ediləcək. “Shopify”in tərəfdaşları arasında “Facebook”, “Amazon” və “Google” kimi tanınmış şirkətlər var.
ABŞ prezidenti Donald Trampın təsdiqlədiyi plana uyğun olaraq, dünyanın bir çox ölkələrində yeni “TikTok Global” şirkəti yaradılacaq. Amerikanın “Oracle” və “Walmart” nəhəngləri isə bu şirkətdə 20% paya sahib olacaqlar.