“TikTok” istifadəçiləri yeni funksiyanı sınaqdan keçirən şirkətlərə video-CV göndərə biləcəklər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkət bildirir ki, yaradıcı bacarıqları nümayiş etdirmək üçün videolara #TikTokResumes həştəqini əlavə etmək tələb olunur.
Sınağa qatılan şirkətlər arasında “Target” mağazalar şəbəkəsi, “Chipotle” restoranlar şəbəkəsi, “Shopify” platforması, “Meredith” konqlomeratı və “WWE” reslinq yarışlarının təşkilatçısı var.
“#CareerTok platformada inkişaf edən bir submədəniyyətə çevrilib, və biz bunun sayəsində iş axtarışı və işə qəbul prosesini yenidən nəzərdən keçirməyi planlaşdırırıq”, – “TikTok”un beynəlxalq marketinq şöbəsinin rəhbəri Nik Tran söyləyib.
Sizi maraqlandıran CV-ni tapmaq üçün tiktokresumes.com saytına daxil olmaq və ya tətbiqdə #TikTokResumes həştəqini yığmaq kifayətdir. Hər bir kəs işəgötürənlərin vakansiyaları ilə tanış ola və CV göndərmək üçün qısa anket doldura bilər.