ABŞ-dan olan Andre Lyuis (Dre) zarafat üçün öz kriptovalyutasını yaradıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Sosial şəbəkə istifadəçiləri onu aktiv şəkildə almağa başlayıb və nəticədə rəqəmsal aktivin kapitallaşması 70 milyon dollara çatıb.
Bloqqer bunu bazardakı yararsız kriptovalyutaları lağa qoymaq üçün edib. Qeyd edildiyi kimi, 10 trilyon SCAM buraxmaq üçün tiktokçu 400 dollar xərcləyib. O, tokenlərin cəmi 10%-nə sahib olduğunu iddia edib.
Andre Lyuis rəqəmsal valyutaya uyğun ad verib – “Simple Cool Automatic Money” (SCAM) və ya “Sadə əla avtomatik pul”. Bloqqerin sözlərinə görə, insanlar rəqəmsal sikkələrdən məhz belə danışırlar və sonra fırıldaqçıların qurbanına çevrilirlər (ingilis dilində “scam” sözü “fırıldaq” deməkdir).
Yüzlərlə insan aktiv olaraq yeni kriptovalyutanı almağa başlayıb. Ticarət sessiyası başladığı gün dövriyyədəki SCAM sikkələrinin dəyəri 70 milyon dollar təşkil edib.
“70 milyon dolları görəndə qorxdum, çünki sikkə var, təyinat isə yoxdur. İnternetdə mövcud olan müxtəlif yararsız valyutalar haqqında artıq çox danışmışam. İstəməzdim mənimki də onlar kimi olsun”, – deyə Lyuis söyləyib.
Daha sonra rəqəmsal valyuta sabitləşib və kapitallaşma təqribən 1.8 milyon dollar səviyyəsinə düşüb. Hal-hazırda bir sikkənin dəyəri 0.0000439846 dollar təşkil edir.
Tiktokçu insanları kriptovalyutasının saxla olmadığına inandırmaq istəyir. Bloqqer izləyicilərinə kriptovalyuta bazarındakı əsas alətləri və texnikaları öyrətməyə qərar verib. Bundan əlavə, SCAM veb-saytında valyutanın inkişafı ilə bağlı gələcək planlardan danışılır: audit, yeni tokenlərin mayninqi, əməkdaşlıq şəbəkəsinin inkişafı.
Lyuis heç kimi SCAM almağa məcbur etmədiyini vurğulayıb və kriptovalyutanın adında “fırıldaq” sözünün gizləndiyini xatırladıb.