“TikTok”a sahib olan “ByteDance” şirkət çin tənzimləyicilərinin nəzarəti gücləndirməsinə görə IPO-nu qeyri-müəyyən müddətə təxirə salıb.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə yaxından tanış olan mənbələrə istinadən “WSJ” yazıb.
Xatırladaq ki, “ByteDance” şirkəti IPO-nu ya ABŞ-da, ya da Honkonqda keçirməyi planlaşdırıb. 2020-ci ilin noyabrında sonuncu maliyyə raundunda investorlar onu 180 milyard dollar dəyərində qiymətləndirib.
Çin hökuməti istifadəçi məlumatlarının ABŞ birjalarında listinq zamanı ələ keçirilə biləcəyini düşünür. Yeni qaydalara əsasən, auditoriyası 1 milyondan çox olan şirkətlər xarici birjaya çıxmazdan öncə səlahiyyətli orqanlardan icazə almalıdırlar.
Bununla yanaşı, xarici birjalara çıxmağı planlaşdıran şirkətlərin plansız yoxlamaları başlanılıb. Şirkətlər xarici platformalara təqdim etdikləri materialları Çin hökumətinə göstərməlidirlər.
“ByteDance” şirkəti “TikTok” və “Douyin” xidmətlərinə, “Jinri Toutiao” və “Today’s Headlines” xəbər tətbiqlərinə sahibdir. Bu xidmətlər istifadəçinin telefon nömrəsi, doğum tarixi və identifikasiya nömrəsi kimi məlumatları toplayırlar.
2021-ci ilin iyununda Çin tənzimləyicisi “DiDi” taksi xidmətini bütün tətbiq mağazalarından silməyi tələb edib. Bu, şirkətin Nyu-York birjasında çıxmasından sonra baş verib.