“Apple”ın baş direktoru Tim Kuk yaxın vaxtlarda pensiyaya çıxmağı və vəzifədən getməyi planlaşdırmır, bu barədə yayılan son xəbərlər isə sadəcə yalandır, “Bloomberg” yazır. Qeyd edək ki, Tim Kukun varisi olmaq üçün əsas namizəd rəhbərliyin ən gənc üzvü olan vitse-prezident Con Ternusdur.
Agentliyin jurnalisti Mark Qurmanın sözlərinə görə, Kuk ən azı Donald Trampın prezidentlik müddəti başa çatana qədər, yəni 2028-cü ilin sonuna qədər “Apple”ın rəhbəri olaraq qalacaq.
Qurman bildirir ki, Kuk “hələ də öz işini sevir”. O, şirkətin rəhbəri vəzifəsindən getsə belə, yəqin ki, direktorlar şurasının sədri olaraq qalacaq.
14 noyabr 2025-ci ildə “Financial Times” mənbələrinə istinadən yazmışdı ki, “Apple”ın direktorlar şurası və ali rəhbərləri baş direktorun dəyişdirilməsi hazırlığını “aktivləşdiriblər”. Nəşrin iddiasına görə, yeniliklər 2026-cı ilin yanvarında rüblük hesabatın dərcindən sonra elan olunacaq.
65 yaşlı Tim Kuk 2011-ci ildən “Apple”ı idarə edir. O, şirkətin həmtəsisçisi Stiv Cobbsu əvəz edib. Bu müddət ərzində “Apple”ın bazar kapitallaşması 350 milyard dollardan 4 trilyon dollara yüksəlib.








