“Time” jurnalı 2025-ci ilin ən nüfuzlu şirkətlərini açıqlayıb. Bu, innovasiya, ambisiya, davamlı inkişaf və sosial əhəmiyyəti ilə qlobal təsir göstərən şirkətləri tanıyan reytinqin beşinci nəşridir.
Jurnal vurğulayır ki, reytinq sadəcə maliyyə göstəricilərinə deyil, şirkətlərin təsirinin hərtərəfli təhlilinə əsaslanır: sosial töhfədən tutmuş bazar transformasiyasına qədər.
Maraqlıdır ki, İlon Maskın sahib olduğu “Tesla” avtomobil şirkəti reytinqə daxil olmayıb.
Ümumilikdə, reytinqə daxil olmuş bütün şirkətlər dörd kateqoriya üzrə sıralanıb: innovatorlar, liderlər, titanlar, pionerlər və dağıdıcılar.
İnnovatorlar
Bu kateqoriyaya Çinin Alibaba və BYD şirkətləri, o cümlədən Almaniyanın Deepl onlayn tərcüməçisi, Fransanın EssilorLuxottica eynək istehsalçısı və süni intellekt alqoritmləri vasitəsilə meşə yanğınlarının aşkarlanması sistemi Pano AI-nin tərtibatçısı daxil olub. Qeyd edək ki, sadalanan bütün bu şirkətlər əsasən süni intellekt texnologiyalarının inkişaf etdirilməsi ilə seçilib.
Liderlər
Buraya Coursera təhsil platforması, Linkedin sosial şəbəkəsi, Hyundai avtomobil istehsalçısı, Dualingo dil öyrənmə platforması, Signal messenceri, həmçinin Cloudflare və Anthropic daxil olub.
Titanlar
Bu kateqoriyaya Çinin TikTok sosial şəbəkəsinin sahibi Byte Dance, ABŞ-nin Meta, Amazon, Netflix, Arm və OpenAI şirkətləri, o cümlədən Huawei texnologiya nəhəngi və TSMC daxildir.
Pionerlər
“Pionerlər” kateqoriyasına ağıllı üzük istehsalçısı Qura və Colossal Biosciences adlı biotexnologiya startapı daxil olub.
Dağıdıcılar
Bu sıralamaya pilotsuz avtomobil istehsalçısı Waymo, Çinin ChatGPT-nin analoqu kimi işə saldığı DeepSeek çat-botu, yeni trend olan “Labubu” oyuncaqlarının istehsalçısı Pop Mart şirkəti, Coinbase kriptobirjası, Scale AI adlı süni intellekt startapı və Anysphere daxil olub.